Müəllimlərimiz “Layihələrin idarə edilməsi” üzrə akademik təlimdə iştirak ediblər [23.12.2022]
Azərbaycan Proyekt Menecerlərinin Assosiasiyası (AzPMA) tərəfindən “Azərbaycanın ali təhsil müəssisələrində layihə menecmenti tədris potensialının artırılması" hədəfi çərçivəsində “Layihələrin idarə edilməsi” üzrə akademik təlim kursu təşkil edilib. 3 gün davam təlim zamanı 8 ali təhsil müəssisəsindən olan müəllim heyətinə “Layihələrin idarə edilməsi” kursunun necə effektiv şəkildə tədris olunacağı barədə praktiki biliklər verilib, bu biliklərin tədrisdə tətbiqi metodları təqdim edilib. Təlimin əvvəlində AzPMA-nın təsisçisi və prezidenti professor İqbal Babayev çıxış edərək, layihə idarəetməsində beynəlxalq standartların tətbiq edilməsinin əhəmiyyətindən danışıb, iştirakçılara beynəlxalq təcrübələrdən nümunələr göstərərək Azərbaycanda da bu istiqamətin inkişafına böyük yer ayrıldığını və günümüzdə bu sahənin zəruri olduğunu bildirib. Təlim AzPMA-nın akkreditasiya olunmuş və rəsmi lisenziyası əsasında IPMA beynəlxalq standartları üzrə təlim şirkəti PMO.az-ın təsisçisi Rəşad İbrahimov tərəfindən keçirilib. Təlimdə 8 universitetin nümayəndələri iştirak edib. Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) təlimdə Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri, dosent Ruhəngiz Əliyeva və həmin kafedranın müəllimi Günel İmamquliyeva təmsil edib. |