“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnsan resurslarının idarəolunması şöbəsi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin III və IV kurs tələbələri üçün təqdimat keçirilib.
AzMİU və QSC arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair 8 noyabr 2017-ci il tarixində imzalanmış Memoranduma uyğun olaraq 2022-2023-cü tədris ili üzrə təsdiqlənmiş Fəaliyyət planı çərçivəsində keçirilən görüşdə tələbələrə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkətinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Qeyd olunub ki, fəaliyyətə başladığı dövrdən etibarən dağ-mədən sahəsində peşəkar kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirən “AzerGold” QSC ölkəmizdə fəaliyyət göstərən ali və peşə təhsili müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri quraraq, tələbə və məzunlara müvafiq istiqamətlərdə təcrübə toplamalarına, gələcək karyeralarında ilk addımlarını atmalarına dəstək olur. Belə ki, təhsil müəssisələri ilə əldə edilmiş razılaşmalar əsasında tələbələrin həm QSC-nin baş ofisi, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılır. Beləliklə, ali və peşə təhsili müəssisələrində elmi-nəzəri biliklər əldə edən tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Bugünədək 190 tələbə və məzun sözügedən təcrübə proqramında iştirak edib, 27 nəfər işlə təmin olunub.
Həmçinin görüşdə “AzerGold” QSC-nin artıq ikinci ildir ki, ali və peşə təhsili müəssisələrinin tələbələri üçün təşkil edilən Təqaüd proqramı müsabiqələri haqqında məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr təcrübə proqramlarına cəlb edilir, məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində QSC-nın tələbatına uyğun olaraq zəruri addımlar atılır.
Müzakirə formatında davam edən görüşdə “AzerGold” QSC-nin nümayəndəsi tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb, tədbirdə aktivliyi ilə seçilən bir nəfər tələbəyə Səhmdar Cəmiyyət adından xatirə hədiyyəsi təqdim olunub.
|