“Çexiya – tarixi və memarlıq irsi” – AzMİU-da fotosərgi keçirilib [16.12.2022]


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihəsi çərçivəsində “Çexiya – tarixi və memarlıq irsi” adlı sərgi keçirilib. İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən sərgidə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Daniel Putik iştirak ediblər. 

Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov çıxış edərək “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihə barədə qonaqlara məlumat verib və qeyd edib ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yeniliklərlə tanışlıqdır. 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və layihənin fərqli memarlıq nümunələrini öyrənmə, təbliğ etmə baxımından önəminə diqqət çəkib. Çex Respublikası memarlığının Avropa memarlığında xüsusi yerə sahib olduğunu qeyd edən professor Gülçöhrə Məmmədova bildirib ki, bu layihə AzMİU tələbələrinin, memarlıq üzrə professor-müəllim heyətinin bu ölkənin şah əsərləri ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacaq.

Rektor Çex Respublikasının, xüsusilə Praqa şəhərinin unikal və tarixi memarlığına diqqət çəkərək memarlıq nümunələrinin qorunmasının əhəmiyyətindən danışıb: “Çex Respublikası, xüsusilə Praqa şəhəri Avropanın ən qədim memarlıq nümunələrinə sahibdir. Azərbaycanın memarlıq irsi də tarixiliyi və zənginliyi ilə seçilir. Təəssüflər olsun ki, ölkəmizin çox gözəl və tarixi memarlıq nümunələri, abidələri də müxtəlif səbəblərdən, o cümlədən müharibələr zamanı dağıdılıb. Ermənistanın ölkəmizə təcavüzü zamanı və 30 illik işğal zamanı memarlıq irsimizə dəhşətli ziyan vuruldu. Torpaqlarımızın azad edilməsi bu fəlakətin miqyasını bizə çox böyük reallıqla əks etdirdi. Biz anladıq ki, irsimizin əhəmiyyətli bir hissəsini, demək olar ki, itirmişik”. 

Sərgiyə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirən Daniel Putik bu tip təbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib. Daniel Putik vurğulayıb ki, Azərbaycan kimi Çex Respublikasının da memarlıq irsinə II Dünya Müharibəsi əsnasında böyük ziyan dəyib: “Bu gün sərgidə fotolarını gördüyünüz tikililər irsimizin qalan nümunələridir. Biz əlimizdə qalan abidələrimizi və tarixi tikililərimizi qoruyub saxlamağa çalışırıq”. 

Fotoqraf və səyyah, sərginin müəllifi Aydın Sadıxov AzMİU rəhbərliyinə və səfirlik nümayəndəsinə, eləcədə digər qonaqlara təşəkkür edib və sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib. 

Rəsmi hissə bitdikdən sonra sərgiyə baxış keçirilib. Sərgidə Çex Respublikasının müxtəlif şəhər və qəsəbələrində yerləşən qala və  tarixi-memarlıq abidələri maraqlı fərdi fotokompozisiya şəklində təqdim olunub. Təqdim olunan ekspozisiyada mərkəzi yer fotoqrafın Çexiyanın paytaxtı Praqada çəkilmiş əsərlərinə verilib. Çərgidə Çexiyanın digər şəhərləri, o cümlədən Brno, Çeski Krumlov, Telc, Olomouc, Kutna şəhərlərinin tarixi görməli yerləri – Hora, əfsanəvi Gothic qalası və Karlstejn də təqdim edilib. 

Sərgi İtaliya-Azərbaycan Dizayn Mərkəzində Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Daniel Putikin  təqdim etdiyi təqdimatla davam edib. 
 

 

16-12-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]