AzMİU-nun rektoru MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XV Forumunda iştirak edib [15.12.2022]


Özbəkistanın paytaxtı Daşkənddə MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XV forumu keçirilib.
Forumda MDB-nin iştirakçısı olan ölkələrin elm, mədəniyyət, təhsil xadimləri, nazirlik və idarə rəhbərləri, dövlətlərarası strukturların, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri iştirak ediblər. 
Azərbaycanı bu forumda Milli Elmlər Akademiyasının institutlarının, elm və təhsil, mədəniyyət, gənclər və idman nazirliklərinin təmsilçilərindən, elm və mədəniyyət xadimlərindən ibarət 10 nəfərlik nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova da olub. 
Professor Gülçöhrə Məmmədova Forum çərçivəsində “MDB ölkələrinin elm və təhsil cəmiyyəti" mövzusunda aparılanpanel müzakirələrində çıxış edib. 
Rektor qeyd edib ki, təhsilin beynəlmiləlləşməsi müasir təhsil sisteminin ən əhəmiyyətli istiqamətlərindən biridir: “Universitetlərimizin beynəlxalq tədris və təhsil sisteminə, daha çox Avropa təhsil sisteminə inteqrasiyası bu istiqamətdə ciddi fəaliyyətin aparılmasını təmin edir. Bu, universitetlərimizin, diplomlarımızın tanınması üçün, eyni zamanda, beynəlxalq səviyyədə Azərbaycan universitetlərinə tələbələrin cəlb olunması üçün çox vacibdir”.
Dövlətimizin bu istiqamətə çox böyük diqqət yetirdiyini deyən professor Gülçöhrə Məmmədova qəbul olunan dövlət proqramlarının məhz Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil alması, Azərbaycan təhsil ocaqlarının beynəlxalq təcrübəni mənimsəyərək inkişaf etməsi və irəli getməsi, beynəlxalq nüfuz qazanması istiqamətində aparıldığını vurğulayıb: "2007-2013-cü illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə istiqamətlənmiş dövlət proqramı, Azərbaycan təhsilinə strategiyası bütövlükdə sonra isə 2019-cu ildə qəbul olunmuş və 2023-cü ilə qədər olan dövrü əhatə edən, universitetlərimizin, təhsilimizin beynəlmiləşməsinə istiqamətlənmiş, dəstək verən dövlət proqramının bu istiqamətdə çox böyük əhəmiyyəti var". 
Rektor Forum iştirakçılarına azərbaycanlı gənclərin xaricdə təhsili, Azərbaycanda açılan aparıcı universitetlərin filialları, eyni zamanda, universitetlərimizin beynəlxalq əlaqələri barədə məlumat verib. Professor Gülçöhrə Məmmədova çıxışı zamanı AzMİU-da bu istiqamətdə aparılan fəaliyyət, ikili diplom proqramları, İstanbul Texniki Universiteti, Milan Politexnik Universiteti və bir sıra digər nüfuzlu universitetlərlə olan əlaqələr barədə də danışıb.
Çıxışının sonunda rektor qeyd edib ki, MDB məkanında bu istiqamətdə geniş əlaqələrin qurulması təhsil sisteminin inkişafına öz töhfəsini verə bilər.
 

 

15-12-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]