Tələbələrimiz "İlin Könüllüsü" mükafatı ilə təltif ediliblər [13.12.2022]
Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” keçirilib. Bakı Konqres Mərkəzində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. Bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi Forumda Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTI) sədri Yusif Vəliyev tədbir iştirakçılarına AKTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verib. Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Təltif edilənlər arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri də olub. AzMİU-nun Nəqliyyat fakültəsinin tələbələridən "Gənc Könüllü" İctimai birliyinin könüllüsü Nisə Məmmədova və "Miqrasiya Könüllüsü" İctimai Birliyinin könüllüsü Rauf Həsənov "İlin Könüllüsü" mükafatı ilə təltif ediliblər. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb. |
13-12-2022