AzMİU-da Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib [12.12.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və millət vəkili, professor Anar İskəndərov iştirak edib. AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov çıxış edərək ümumilli lider Heydər Əliyevin təhsilə diqqət və qayğısından, onun böyük dövlət xadimi olaraq strateji, gələcəyə yönəlik qərarlarından danışıb. Prorektor əlavə edib ki, müstəqil Azərbaycanda demək olar ki, hər uğur, yaradılan müəssisə və təşkilatlar, o cümlədən Cənubi Qafqazın memarlıq və inşaat istiqamətində ilk ali təhsil müəsissəsi – Azərbaycan Memarlıq və İnşaat Universiteti birbaşa olaraq Ulu Öndərin adı ilə bağlıdır. Universitetin 1975-ci ildə Ümummilli Lider tərəfindən, onun şəxsi təşəbbüs və səylərilə yaradıldığını qeyd edən professor Akif Qasımov AzMİU kollektivinin, məzun olmuş yüksək ixtisaslı mütəxəssislərinin, eləcə də tələbələrinin milli dövlətçilik ənənələrinə, Ulu Öndər tərəfindən əsası qoyulan dövlət strategiyasına əzmlə xidmət etdiyini vurğulayıb. Millət vəkili, professor Anar İskəndərov ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yeri olduğunu qeyd edib. Millət vəkili bildirib ki, Ulu Öndər yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə dünyanın nadir tarixi şəxsiyyətləri, böyük dövlət xadimləri sırasındadır. Professor Anar İskəndərov müstəqil Azərbaycan dövlətinin qüdrətli ölkə kimi təşəkkül tapmasının siyasi-strateji əsasının Ümummilli Lider tərəfindən qoyulduğunu vurğulayıb. AzMİU-nun Memarlıq fakültəsinin tələbəsi Leyla Məmmədli çıxış edərək ulu öndər Heydər Əliyevin gənclər siyasəti, onun uzaqgörən siyaətilə gənclərin inkişafı üçün həyata keçirilən dövlət layihələrindən danışıb. Leyla Məmmədli qeyd edib ki, Ulu Öndər tərəfindən yaradılan universitetdə təhsil almaq AzMİU tələbələrinin məsuliyyətini daha da artırır, onları təhsildə daim uğurlara şövq edir. AzMİU-nun Tələbə Həmkarlar İttifaqının sədri Bayram Aslanov isə çıxışında qeyd edib ki, Ümummilli Liderin həyat və fəaliyyəti hər bir gənc üçün böyük siyasi məktəbdir. Dünya miqyasında az sayda xalqın, dövlətin bu cür tarixi şəxsiyyətə, böyük dövlət xadiminə sahib olduğunu deyən Bayram Aslanov Ulu Öndərin irsinin AzMİU tələbələri tərəfindən dərindən öyrənildiyini bildirib. Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyatından, onun titanik fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib. |
12-12-2022