Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycan Respublikasında Nəqliyyat, Yol və Logistika Komplesinin İnkişafı” mövzusunda respublika elmi-praktiki konfransı keçirilir.
AzMİU-nun Nəqliyyat fakültəsinin dekanı, dosent Elçin Yusifzadə konfransın mövzusu, plenar iclasın çıxışçıları və məruzəçiləri ilə bağlı iştirakçılara məlumat verib.
Konfransın plenar iclasını giriş nitqi ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Konfransın əhəmiyyəti və universitetdə bu istiqamətdə görülən işlərə diqqət çəkən rektor bildirib ki, Azərbaycan yerləşdiyi coğrafiya və tranzit imkanlarına görə dünyanın ən potensiallı ölkələrindəndir. Professor Gülçöhrə Məmmədova əlavə edib ki, son illər Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə istər avtomobil, istər dəmiryolu, istərsə də hava və dəniz nəqliyyatı sürətlə inkişaf etdirilir.
Rektor Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Zəngəzur dəhlizinin təşkili ilə bağlı AzMİU-nun əlaqəli kafedralarında geniş araşdırmalar aparıldığını qeyd edib.
Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Musa Pənahov çıxışında ölkəmizin nəqliyyat və logistika imkanlarının genişləndirilməsi üçün həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Rauf Səfərov “Taksi xidməti üzrə hazırki vəziyyət və hazırlanacaq tənzimləyici sənədin əhatə etməli olduğu məsələlər” haqqında geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, hazırda taksi xidməti üzrə tənzimləyici sənəd hazırlanır və bu sənəddə praktik olaraq tətbiq olunduqdan sonra taksi xidməti ilə bağlı çatışmazlıqlar aradan qalxacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtoyol” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Azər Nemətli “İşğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat kompleksinin bərpası” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat kompleksinin bərpası ilə bağlı intensiv işlər aparılır. Qeyd olunub ki, bugünədək 38726 Azərbaycan, 6808 Türkiyə vətəndaşı həmin ərazilərdə həyata keçirilən yol infrastruktur layihələrində işə cəlb olunub. Məruzəçi əlavə edib ki, icrası başa çatan layihələrlə yanaşı, gələn ilin sonunadək Fizuli-Şuşa və Horadiz-Mincivan-Ağbənd yollarının tikintisinin yekunlaşdırılması planlaşdırılıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin nümayəndəsi Nicat Şabanlı Azərbaycanda dəniz yolu ilə yükdaşımalar mövzusunda çıxış edib. Qeyd olunub ki, hazırda Bakı limanı vasitəsilə 15 milyon ton yükdaşıma imkanı mövcuddur. Limanın tikinti işlərinin 2-ci mərhələsi yekunlaşdıqdan sonra bu imkan 25 milyon tona çatacaq.
AzMİU-nun Nəqliyyat və logistika kafedrasının müəllimi Valeh Şərifov isə ölkəmizin nəqliyyat sahəsindəki mövcud problemlər və onların həlli istiqamətləri mövzusunda çıxış edib. Məruzəçi problemlərin səbəbi və həlli yollarının əks olunduğu 16 bənddən ibarət təkliflər paketini açıqlayıb və konfransda təmsil olunan aidiyyatı qurumların nümayəndələrinə təqdim edib.
Plenar iclasın sonunda məruzələrlə bağlı suallar cavablandırılıb və təkliflər səsləndirilib.
Qeyd edək ki, konfrans bölmə iclasları ilə iki gün davam edəcək.
|