AzMİU-nun tələbəsi yapon dili müsabiqəsinin qalibləri arasında [29.11.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) II kurs tələbəsi Əsmər Cəfərli Bakı Dövlət Universitetində keçirilən 21-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsində III yerə layiq görülüb. Tələbəmiz müsabiqəyə “Mənim gözümdə dostluğumuz” adlı inşası ilə qatılıb. Yapon dilində səlis çıxışı ilə münsiflərin diqqətini cəlb edən Əsmər Cəfərliyə qazandığı uğura görə sertifikat və hədiyyələr təqdim olunub. Bundan əlavə, Yaponiyanın Azərbaycandakı fövqəlada və səlahiyyətli səfiri Vada Cunici və onun xanımı digər qaliblərlə, o cümlədən Əsmər Cəfərli ilə birlikdə xatirə şəkili çəkdiriblər. Qeyd edək ki, Əsmər Cəfərli yapon dilini orta məktəbdə oxuyarkən, V sinifdən etibarən öyrənməyə başlayıb. O, tək yapon dilinə yox, yapon mədəniyyəti, tarixi, adət-ənənələrinə böyük maraq göstərərək bu istiqamətdə təşkil olunan yarışlarda və müsabiqələrdə uğurla iştirak edir. Əsmər Cəfərli JLPT (Japanese Language Proficiency Test – Yapon Dili Beynəlxalq İmtahanı) imtahanlarından yüksək nəticələrlə keçərək 17 yaşında ölkə üzrə ən gənc yaşda N2 (advanced) səviyyəsi sertifikatını əldə edib.
|