AzMİU-nun müəllimləri Türkiyədə “Bina və konstruksiyaların zəlzələyə dayanıqlığı” mövzusunda seminarlar keçiblər [28.11.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının dosentləri Cəmilə İmaməliyeva və Tükəzban Həsənova Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində Türkiyədə səfərdə olublar. Müəllimlər Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universitetində magistr səviyyəsi üzrə təhsil alan tələbələrə “Bina və konstruksiyaların zəlzələyə dayanıqlığı” mövzusunda seminarlar keçiriblər. Səfər çərçivəsində Uludağ Universitetinin Hasan Öztimur İnşaat fakültəsinin dekanı, professor Adem Doğangünlə görüş də keçirilib. AzMİU-nun İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyeva görüşdə hər iki universitetin professor-müəllim heyətinin qarşılıqlı stajkeçmə imkanları ilə bağlı məsələləri müzakirə edib. Öz növbəsində Adəm Doğangün də qarşılıqlı stajkeçmə məsələsinin önəminə toxunub və Türk Dövlətləri Birliyi çərçivəsində təhsil və elm sahəsində əlaqələrin möhkəmləndirilməsi, genişləndirməsi işində göstərdiyi xidmətlərə görə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya təşəkkürünü bildirib. Səfər zamanı AzMİU-nun əməkdaşları Uludağ Universitetinin Kariyera Mərkəzində də olublar və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. |
28-11-2022