Azərbaycanın azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələri Ukrayna üçün nümunə ola bilər [28.11.2022]


"Ukraynada maliyyə bazarının inkişafı: təhlükələr, problemlər və pekspektivlər" mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. Onlayn formatda keçirilən konfransda dünyanın bir sıra ali təhsil müəssisələrindən nümayəndələr iştirak ediblər. Ölkəmizi konfranda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Biznesin iqtisadiyyatı və menecment” kafedrası təmsil edib. 

AzMİU “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədov məruzə ilə çıxış edərək Azərbaycanın 30 il ərzində erməni aqressiyası nəticəsində tamamilə dağıdılmış ərazilərimizdə hazırda həyata keçirilən iqtisadi layihələrdən danışıb. Məruzəçi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan Ağıllı kənd, Ağıllı şəhər, yaşıl iqtisadiyyat, yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib. Məhəbbət Məmmədov qeyd edib ki, Ukraynada da maliyyə bazarının inkişafı, onun təhlükəsizliyinin təmin edilməsi və dağıdılmış ərazilərin bərpasında Azərbaycanın təcrübəsindən istifadə oluna bilər. 

Konfransda AzMİU “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının əməkdaşları dosent Elşad Yusifov, Orxan Naqdiyev, baş müəllimlər Namiq  Kazımov, Lalə Ələkbərova və kafedranın “Biznesin təşkili və idarə edilməsi” ixtisasının magistrantı İsa Mirzəyev təqdimatla çıxış edib.

Qeyd edək ki, konfrans AzMİU, Ukrayna Təhsil və Elm Nazirliyi, Yuri Kondratyuk adına Poltava Politexnik Milli Universiteti, Maliyyə, İqtisadiyyat, İdarəetmə, Hüquq, Elm və Tədris İnstitutu, Taras Şevçenko adına Kiyev Milli Universiteti, Vasili Stus adına Donetsk Milli Universiteti, Odessa Milli İqtisadiyyat Universitet, Polşanın Belostok Texnologiya Universiteti, Xorvatiyanın Şimal Universiteti, Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Estoniya Beynəlxalq Tədqiqat, Təhsil və Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

 

 

28-11-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]