Rektor: "Azərbaycanın idman siyasəti həm də narkomaniya ilə mübarizə üsuludur" [24.11.2022]


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi  (THİK) və Narkotizmlə Mübarizə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Virtual metodlarla "Ağ ölüm" Narkotikə YOX deyək!” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. 
Görüşdə millət vəkili İlham Məmmədov, millət vəkili Pərvin Kərimzadə, millət vəkili Kamilə Əliyeva, Narkotizmlə Mübarizə İctimai Birliyinin sədri Kənan Qubadzadə, universitetin rəhbərliyi və tələbələr iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları və tələbələri salamlayaraq gənclər və idman siyasətinə, ailə institutuna dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Rektor qeyd edib ki, bu gün respublikanın bütün regionlarında Olimpia İdman Komplekslərinin tikilib istifadəyə verilməsi, müxtəlif proqramlarla idmanın və idmançılığın təşviqi, sağlam həyat tərzinin Prezident İlham Əliyev timsalında təbliği Azərbaycan dövlətinin həm də narkomaniya ilə mübarizəsidir. Bəzi dairələrin və ölkələrin narkotik dövriyyə və narkotikdən istifadəni ölkəmizə qarşı hibrid müharibə predmentinə çevirmək istəyinə diqqət çəkən professor Gülçöhrə Məmmədova gənclərə ayıq-sayıq olmağı, bu yolla öz sağlamlıqlarına və ölkəmizin milli təhlükəsizliyinə zərbə vurmamağı tövsiyyə edib.
Narkotizmlə Mübarizə İctimai Birliyinin sədri Kənan Qubadzadə çıxış edərək narkomaniya ilə mübarizənin Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. O, Narkotizmlə Mübarizə İctimai Birliyininin hökumət və qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığından, İctimai birlikdə könüllülük fəaliyyətinin mövcud olmasından danışıb, tələbələri bu istiqamətdə aktiv olmağa səsləyib.
Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından danışan deputat Kamilə Əliyeva da çıxışında müzakirə olunan problemin təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemi olduğunu qeyd edib. O, narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkib.
Narkotik aludəçilərinin, narkomaniya qurbanlarının statistikasının ilbəil artmasına diqqət çəkən Milli Məclisin depuatatı Pərvin Kərimzadə tələbələrin sosial şəbəkələrdə aktivləşməsinin, narkotikləri təbliğ edənlərə qarşı kompleks şəkildə mübarizə aparmasının zəruriliyinə toxunub.  

Müzakirə olunan problemlə bağlı Milli Məclisin deputatı İlham Məmmədov son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Daha sonra AzMİU THİK-in sədri Bayram Aslanov və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev də çıxış edərək narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb, tələbələrə öz tövsiyələrini veriblər.  
Çıxışlardan sonra “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi Virtual metodlarla ""Ağ ölüm" Narkotikə YOX deyək!” layihəsi çərçivəsində ərsəyə gələn qısametrajlı film tədbir iştirakçılarına təqdim olunub. 
Tədbir mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi ilə davam etdirilib.
 

 

24-11-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]