Rektor: “Ərazilərimizdə aparılan yenidənqurma işlərinin daha da sürətləndirilməsi üçün prosesə AzMİU-nun cəlb olunması vacibdir” [18.11.2022]


“Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları” üzrə konfrans keçirilib.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), “Turquoise” MMC, “Proyapı” MMC şirkətləri, həmçinin Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə baş tutan konfransda “Tunellərdə və avtodayanacaqlarda havalandırma”, “Aşağıya doğru yamac boyunca mərhələli enmə üsulu ilə 55 metr uzunluğunda körpü aşırımının həyata keçirilməsi, Qarabağ üçün zəlzələyə davamlı bina modeli”, “Avtomobil və dəmiryolu körpülərində yastıq və inşaat tikiş birləşmələri”, “Geoarme divarlar və onların Qarabağın yenidən qurulmasında nümunələri, yol tikintisində innovativ məhsullar” mövzularında məruzələr edilib. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası istiqamətində aparılan genişmiqyaslı işlər, layihələr barədə konfrans iştirakçılarına məlumat verilib.
 
Konfransı giriş nitqi ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında müzakirəyə çıxarılan məsələlərin aktuallığına diqqət çəkərək məruzəçilərə uğular arzulayıb. Rektor bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq, bərpa və yenidənqurma işlərinin daha da sürətləndirilməsi üçün prosesin elmi-praktiki aspektlərinin araşdırılması, bu istiqamətdə fəaliyyət göstərən elm adamlarının, tələbələrin cəlb olunması son dərəcə vacibdir. Professor Gülçöhrə Məmmədova qeyd edib ki, ölkəmizin memarlıq və inşaat sahəsi üzrə yüz illik təhsil ənənəsini özündə birləşdirən, bu ənənəni xarici əlaqələri, elmi tədqiqatları və tədrisdə innovativ yanaşması ilə uğurla davam etdirən AzMİU işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən qurumlarla, özəl şirkətlərlə əməkdaşlıqda maraqlıdır. Praktik əməkdaşlığın yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsindəki əhəmiyyətinə toxunan rektor konfransda iştirak edən qurum və şirkətləri AzMİU ilə sıx əməkdaşlığa çağırıb.
 
Konfransda, AzMİU-nun “İnşaat” fakültəsinin dekanı, dosent Sahib Fərzəliyevin, İnşaat konstruksiyaları kafedrasının müdiri, professor Muxlis Hacyevin, Mühəndis sistemləri və qurğuların tikintisi kafedrasının müdiri,  dosent Nurməmməd Məmmədovun, FHN-nin təmsilçisi Lətif Zeynalovun və digərlərinin məruzələri dinlənilib, Qarabağda aparılan tikinti-quruculuq işlərindən, çəkilən yollardan, salınan tunellərdən və körpülərdən bəhs edən videoçarx nümayiş olunub.
 
Konfransın sonunda “Turquoise” MMC şirkətinin baş direktoru, Ali İhsan Genc bütün iştirakçılara və konfransda çıxış edən şirkət nümayəndələrinə dərin minnətdarlığını bildirərək, bu cür konfransların mütəmadi təşkil olunmasını, universitet tələbələrinin mövcud layihələrdə iştirak edərək yeni biliklərin əldə edilməsində, işğaldan azad edilən ərazilərimizin bərpası və inkişafına töhfə verəcəklərinə ümidvar olduğunu vurğulayıb.

 

18-11-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]