Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyası fakültəsinin şəhid məzunlarının xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmış kompleksin açılışı olub. Açılış Mərasimində AzMİU-nun şəhid məzunlarının valideynləri, qazi məzunlar, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış mərasimindən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AzMİU-nun Mexanika və informasiya texnologiyası fakültəsinin dekanı, dosent Sabir Məmmədov açaraq mərasim iştirakçılarını salamlayıb və fakültənin şəhid məzunları haqqında məlumat verib.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının qürur mənbəyi olduğunu deyib. Rektor qeyd edib ki, Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amil ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla və müdirikliklə davam etdirilməsi oldu: “Azərbaycan dövləti bu qələbəyə gedən yolu uzun illərdir ki, kritik siyasi, diplomatik incəlikləri nəzərə almaqla ustalıqla hazırlayırdı. İqtisadi inkişafımız, milli-idealoji xəttimiz, ordumuzun müasir silahlarla təmin olunması və gücləndirilməsi, problem ətrafında xarici tərəfdaşların qazanılması bizi günbəgün zəfərə yaxınlaşdırırdı. Vətən müharibəsinə kimi gəldiyimiz yol Prezident İlham Əliyevin böyük siyasi səriştəsini, müharibə dövrü isə güclü sərkərdəlik qabiliyyətini göstərdi. Aparılan düzgün siyasi xətt nəticəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşməsi torpaqlarımızın qısa müddətdə azad olunmasını təmin etdi”.
Professor Gülçöhrə Məmmədova döyüş meydanında qəhrəmanlıq göstərən AzMİU məzunlarını, I Qarabağ müharibəsində şəhid olan onlarla məzun və tələbəni, Vətən müharibəsində şəhid olan 25 məzunu xatırladaraq tələbələri dövlətçilik, milli-vətənpərvər məsələlərində ayıq-sayıq olmağa, mübarizliyə səsləyib: “Universitetimizdə milli-vətənpərvər ruhun aşılanması və inkişafı hər zaman bizim üçün prioritetdir. AzMİU-nun xalqımız, dövlətimiz qarşısında vəzifəsi yüksək ixtisaslı kadr potensialı formalaşdırmaqla yanaşı, həm də layiqli, vətənpərvər vətəndaş yetişdirməkdir. I və II Qarabağ müharibələrində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda etmiş məzunlarımızın əziz xatirələrini əbədiləşdirmək üçün universitetdə abidə-kompleksi yaradılıb. Onların adlarını, keçdikləri qəhrəmanlıq yollarını bilmək hər birimizin, o cümlədən tələbələrimizin borcudur. Hesab edirəm ki, ümumi abidə-kompleksindən əlavə olaraq hər fakültədə xatirə komplekslərinin, barelyeflərin yaradılması tələbələrin milli-vətənpərvər ruhda tərbiyyəsinə böyük töhfə verəcək”.
AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik Telman Əliyev isə çıxışında Vətən müharibəsində istifadə olunan hərbi texnikaya diqqət çəkib. Akademik bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yeni nəsil silahlardan istifadə etməsi ölkəmizin qüdrətinin, ordumuzun intellektual səviyyəsinin göstəricisidir.
Çıxışlardan sonra fakültənin Vətən müharibəsində şəhid olan məzunları – Elnur Şirin-zadə, Qoşqar Ömərov, Emin Qədirov, Kənan Həsənov, Azad Bəkirli və Rəfael Mailovun xatirə kompleksi daxilində yaradılan barelyeflərinin və onların adları verilmiş tədris laboratoriyalarının açılışı olub. Şəhidlərin valideyinləri və digər tədbir iştirakçıları kompleksə baxış keçiriblər.
|