AzMİU-da Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib [04.11.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Konfransın plenar iclasında AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək qarşıdan gələn Zəfər Günü ilə bağlı iştirakçıları təbrik edib. Rektor Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətinə diqqət çəkib və işğaldan azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərindən, bu istiqamətdə kadr hazırlığından danışıb. Gülçöhrə Məmmədova bildirib ki, memarlıq, şəhərsalma, inşaat mühəndisliyi və əlaqədar istiqamətlər üzrə AzMİU-da bu günədək 50 mindən çox yüksəkixtisaslı mühəndis kadr yetişdirilib. Kadr hazırlığının bundan sonra da yüksək şəkildə davam etdiriləcəyini vurğulayan rektor AzMİU-nun əsas missiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni ali təhsil sahəsində və elmi sferada davam etdirmək olduğunu deyib. Milli Məclisin deputatı Musa Quliyev isə çıxışında Zəfər Gününün siyasi-ictimai əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, 44 günlük müharibədə əldə olunan Qələbə ab-havası geridə qoyduğumuz 2 ildə demək olar ki, bütün sahələrə sirayət edib. İqtisadi İslahatlar Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı "Postkonflikt quruculuğu modeli” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrünü yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında postkonflikt quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib və bu istiqamətlərdə fəaliyyət planına uyğun olaraq iş aparılır. İcraçı direktor qeyd edib ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik ola bilər. Vüsal Qasımlı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyatın geri qayıtması Dördüncü Sənaye İnqilabı və Davamlı İnkişaf Məqsədlərinə çatmaqla yanaşı, bölgəni SMART regiona çevirməyi də hədəfləyir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov “İşğaldan azad olunmuş ərazilərdə planlaşdırma işləri” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda işğaldan azad edilmiş ərazilərdə layihələndirmə işlərinin təşkili mərhələləri və hazırkı vəziyyəti əks olunub. İlqar İsbatov planlaşdırma yanaşmaları haqqında məlumat verib, həmçinin məskunlaşma ərazilərinin müəyyən olunması prinsiplərindən danışıb. Komitə rəsmisi çıxışında icra edilmiş ümumi plan, şəhərlərin baş planları, müfəssəl planlar, ayrı-ayrı məhəllələrin tikinti layihələri, nəqliyyat və mühəndis-kommunikasiyaları infrastrukturunun inkişafı haqqında da məlumat verib. Mütərəqqi texnologiyaların, ağıllı həllərin, yaşıl zonaların tətbiqi üzrə araşdırmalar və fəaliyyətlər sadalanıb, planlaşdırma işləri üzrə qarşıda dayanan vəzifələr konfrans iştirakçılarının diqqətinə çatdırılıb. |