Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbəsi, Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində Gənc Rəssamlar Dərnəyinin rəhbəri Aytac Vəzirovanın “Qalib Azərbaycan” adlı fərdi rəsim sərgisi keçirilib.
Əvvəlcə AzMİU-nun rəhbərliyi, qonaqlar və tələbələr universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmış abidə kompleksinin önünə güllər düzüblər, şəhidlərin xatirələrini yad ediblər.
Sonra sərginin açılış mərasimi keçirilib. AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxış edərək qonaqları və sərgi iştirakçılarını salamlayıb. Prorektor deyib ki, qələbənin, Qalib Azərbaycanın yaradıcı gənclər, rəssamlar tərəfindən təsviri, tərənnüm edilməsi milli inkişafımız baxımından böyük əhəmiyyət kəsb edir. Gənclərin qələbə əzmi və əhval-ruhiyyəsi ilə yetişməsinin önəminə diqqət çəkən Orxan Naqdiyev qeyd edib ki, AzMİU-da tələbələrin yadacıcılıq fəaliyyətinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək.
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova Aytac Vəzirovanın fərdi sərgisini bütün fakültə üçün qürurverici uğur adlandırıb və gənc rəssamın müraciət etdiyi mövzunun əhəmiyyətinə diqqət çəkib. Zahidə Məmmədova bildirib ki, Qalib Azərbaycanın rəssam fırçası ilə təsviri bu istiqamətdə milli, vətənpərvər yaradıcılıq meyillərinin inkişafına təkan verəcək.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nərgiz İsmayılova gənc rəssamı təbrik edib və universitetdə yaradıcılıq mühitinin formalaşdırılmasını, bu istiqamətdə fəaliyyətin dəstəklənməsini təqdirəlayiq hal adlandırıb.
Aytac Vəzirova iştirakçılara əsərləri ilə bağlı məlumat verib. Bildirib ki, sərgidə yağlı boya ilə kətan üzərində çəkilmiş 27 əsər nümayiş olunur. Bu əsərlərdə işğaldan azad olunmuş ərazilərimiz, ölkəmizin qüdrəti, Qələbəmizi xarakterizə edən kompozisiyalar və AzMİU-nun şəhid məzunları əks olunub.
“Qalib Azərbaycan” fərdi sərgisi dekabrın 2-dək davam edəcək.
|