AzMİU-nun magistraturasına qəbul olanların 60 faizi başqa universitetlərdəndir [01.11.2022]
"Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistratura səviyyəsinə 2022-2023-cü tədris ili üzrə 552 tələbə qəbul olub. Bunlardan 347 nəfəri, başqa sözlə 60%-i bakalavr təhsilini başqa ali təhsil müəssisələrində alıb”.
Bu sözləri AzMİU-nun Magistratura Mərkəzinin direktoru, dosent Rövşən Səmədov universitetə tələbə qəbulunun nəticələrini şərh edərkən deyib.
Mərkəz direktoru bildirib ki, başqa ali təhsil müəssisələri məzunları arasında AzMİU-nu seçənlərin sayındakı artım tempi son 4 ildir ki, davam edir.
“Artım tempi 2019-2020-ci tədris ilindən etibarən davam edir. Belə ki, AzMİU-ya magistratura səviyyəsi üzrə qəbul olan tələbələrin 2019-2020-ci tədris ilində 56%, 2020-2021-ci tədris ilində 57%, 2021-2022-ci tədris ilində 69%, cari tədris ilində isə 60%-i başqa universitetlərin məzunları olub. Apardığımız analizlər göstərir ki, son illər universitetdə həyata keçirilən elmi-texniki yeniliklər, tədris laboratoriyalarının gücləndirilməsi, şəfaf imtahan prosesinin təşkili və yaradılan bu kimi digər imkanlar ümumilikdə qəbulun səviyyəsinin, o cümlədən başqa ali təhsil müəssisələri məzunların arasında AzMİU-nu seçənlərin sayının yüksəlməsinə səbəb olub”.
Rövşən Səmədov əlavə edib, 2022/2023-cü tədris ilində AzMİU-nun magistratura səviyyəsinə tələbə qəbulu üzrə plan yeri 92% yerinə yetirilib.
|
01-11-2022