Rektor Nəqliyyat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb [31.10.2022]


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Nəqliyyat fakültəsinin I kurs tələbələri ilə görüşüb. Keçirilən görüşdə prorektorlar, fakültənin dekanı, professor-müəllim heyəti və tələbə təşkilatlarının nümayəndələri iştirak ediblər. 
Tədbirdə çıxış edən fakültənin dekanı Elçin Yusifzadə I kurs tələbələri ilə keçirilən görüş üçün rektora dərin təşəkkürünü bildirib. Dekan çıxışında belə görüşlərin əhəmiyyətinə diqqət çəkib və qeyd edib ki, universitet rəhbərliyi ilə birinci kursların birbaşa ünsiyyət tədrisin inkişafına təkan verməklə yanaşı, tələbələr üçün böyük motivasiyadır. 
Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor, professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim naliyyətlər əldə etməyə çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirməkdir. 
Professor Gülçöhrə Məmmədova gəncləri universitetin tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Rektor çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə toxunub. Professor Gülçöhrə Məmmədova tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmağı tövsiyə edib. 
Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov  çıxış edərək universitetdə tədrisin təşkili və şəfaf imtahan sistemi ilə bağlı detallı məlumat verib. 
Sonda rektor fakültə tələbələrinin suallarını cavablandırıb.

 

 

31-10-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]