Nəqliyyat fakültəsində “Epoksid birləşmələri və epoksid qətranları” mövzusunda elmi seminar keçirilib [31.10.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsi “Fizika və Kimya” kafedrasında elmi seminar keçirilib. Seminarda universitetin Elmi Tədqiqat Şöbəsinin və Nəqliyyat fakültəsinin əməkdaşları da iştirak edib. Kafedranın dosenti Nəbi Babayev “Epoksid birləşmələri və epoksid qətranları” adlı mövzu ilə çıxış edib. Məruzəçi qeyd edib ki, sənayenin müxtəlif sahələrində ən çox epoksid qətranlarından istifadə olunur. Epoksid polimerləri əsasında hazırlanan materiallar betona, metallar və plastik kütlələrə qarşı yüksək adgeziyaya malikdir. Onlar həm də atmosferə, suya və bir çox aqressiv kimyəvi birləşmələrə qarşı inertliliyi və yüksək elektroizolyasiya xassələri ilə səciyyələnirlər. Epoksid polimerlərindən eləcə də yapışqan kompozisiyaları, emallar, polimerbeton və s. hazırlanır. Sintetik liflər və epoksid polimerləri əsasında karboplastik adlanan kompozid hazırlanır ki, ondan da, avtomobil, aviasiya sənayesində eləcə də yer-kosmos sinifli raketlərin inşasında istifadə edilir. Eyni zamanda bu maddədən əsgərlərə güllə keçirməyən jiletlər hazırlanır. Epoksid polimerləri su əsası olan boyalar istisna olmaqla, istənilən rəngli boyalarla qarışdırılır və ondan dekorativ döşəmələr, bəzək materiallar, süni kəhraba hazırlanır. Qeyd edək ki, AzMİU-nun “Fizika və kimya” kafedrasında yeni sinif epoksid birləşmələrin sintezi, onlardan modifikator kimi istifadə imkanlarına həsr olunmuş elmi işlər uğurla davam etdirilir. |
31-10-2022