Şuşa Dövlət Musiqili Dram Teatrı AzMİU-da: Tələbələrə “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası təqdim edildi [28.10.2022]


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş silsilə vətənpərvərlik tədbirləri davam edir. Növbəti tədbir universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrı ilə birgə keçirilib, AzMİU tələbələri üçün “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası təqdim edilib. 

Kompozisiyadan öncə 28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə raket hücumu və nəticədə həlak olan silahsız dinc sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

AzMİU THİK-in sədri Bayram Aslanov çıxış edərək Şuşa Dövlət Musiqili Dram Teatrı haqqında, “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası ilə bağlı tələbələrə qısa məlumat verib.

AzMİU-nun prorektoru, professor Akif Qasımov tədbirin təşkilatçılarına, xüsusilə Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbərliyinə, “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyasının müəlliflərinə universitet rəhbərliyi adından təşəkkürünü bildirib. Akif Qasımov qeyd edib ki, AzMİU-da hərbi-vətənpərvərlik məsələlərinə, tələbələrin bu istiqamətdə marifləndirilməsi işinə həssaslıqla yanaşılır. 

Daha sonra “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası təqdim edilib. Kompozisiya səhnələrdən və Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi ərəfəsində etdiyi tarixi çıxışlardan təşkil olunub. Aktyorlar Prezident İlham Əliyevin çıxışları ilə cəbhədə baş verən hadisələri, cəmiyyətin müxtəlif kəsimlərinin reaksiyalarını, dünya ölkələrindən bizə qarşı hücumları harmoniya şəklində nümayiş etdirəkək müharibə dövrünü canlandırıblar. Səhnələri daha da qüvvətləndirmək üçün hərbi-vətənpərvərlik mövzularında olan müxtəlif şeirlər səsləndirilib. 

Tələbələrin alqışı ilə müşaiət olunan kompozisiya izləyicilərin və aktyorların birlikdə Azərbaycan Respublikası Dövlət Himnini səsləndirməsi ilə yekunlaşıb. 
 

 

28-10-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]