Rektor Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin birinci kurs tələbələri ilə görüşüb [25.10.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin I kurs tələbələri ilə görüşüb. Görüşdə universitetin prorektorları, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, müəllimləri və tələbə təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı professor Zakir Musayev çıxış edərək görüşə görə rektora tələbələr adından dərin təşəkkürünü bildirib.
Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor, professor Gülçöhrə Məmmədova vətənpərvərliyə, layiqli vətəndaş olmağa çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirmək, bununla ölkəmizin gələcək inkişafını təminat altına almaqdan ibarətdir.
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində sənayenin, eləcə də xidmət sektorunun aparıcı istiqamətləri, həmçinin çoxşaxəli ixtisaslar üzrə kadr hazırlığının həyata keçirildiyini deyən rektor tələbələrə universitetdə yaradılan tədris imkanından yararlanmağı tövsiyə edib. Professor Gülçöhrə Məmmədova AzMİU-nun müasir maddi-texniki baza ilə təmin olunduğunu vurğulayıb və komputer vasitəsilə keçirilən test, eləcə yazılı imtahan prosesləri, kitabxana haqqında geniş məlumat verib. Universitetin elm, bilik qazandırma missiyası ilə yanaşı, şəxsiyyət, layiqli vətəndaş yetişdirmək vəzifəsinin də olduğunu qeyd edən rektor tələbələri ictimai həyatda, xüsusilə universitetin tələbə təşkilatlarında da aktiv iştiraka səsləyib.
Digər çıxış edərənlər də tələbələrə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.