“AzMİU Academy” fəaliyyətə başladı – 170-dən çox tələbə qeydiyyat üçün müraciət etdi [24.10.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinin mühəndisi proqramlarının mənimsənilməsinə olan ehtiyaclarının ödənilməsi üçün universitetdə “AzMİU Academy” fəaliyyətə başlayıb. “İnşaat” fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Eldar Süleymanlının təşəbbüsü ilə fəaliyyətə başlayan “AzMİU Academy”də tələbələrə ödənişsiz olaraq “Autocad”, “3D Max”, “Adobe Photoshop”, “Corel Draw” və “Ofis” proqramları tədris olunacaq. 
     “AzMİU Academy”nin açılış mərasimində AzMİU-nun prorektoru Orxan Naqdiyev və “İnşaat” fakültəsinin dekanı Sahib Fərzəliyev çıxış edərək tələbələrə uğurlar arzulayıblar və peşəkar fəaliyyətin təşkili üçün mühəndis proqramlarının əhəmiyyətindən danışıblar. 
     AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Şahmar Rəfili və “İnşaat” fakültəsi THİK-in sədri Eldar Süleymanlı yaradılan şəraitə görə tələbələr adından universitet rəhbərliyinə təşəkkür ediblər və “AzMİU Academy” haqqında geniş məlumat veriblər.  
     Bildirilib ki, “AzMİU Academy”nin fəaliyyətə başlaması ilə bağlı ilk elana əsasən 172 tələbə qeydiyyat üçün müraciət edib. Bunlardan 64 nəfəri “İnşaat”, 27 nəfər “Memarlıq”, 33 nəfər “Su Təsərrüdatı və Mühəndis Kommunikasiya Sistemləri”, 15 nəfər “Nəqliyyat”, 21 nəfər “Tikinti-İqtisad”, 12 nəfər isə “Mexanika və İnformasiya Texnologiyaları” fakültəsinin tələbəsidir. Müraciət edən tələbələrdən formalaşdırılan ilk qruplarda artıq məşğələlərə başlanılıb. 
     Layihənin tələbələr arasında könüllü idarəetmə sisteminin qurulmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin mühəndisi proqramlarını daha yaxşı mənimsəməsinə, tələbələr arasında səmərəli təhsil mühitinin yaranmasına, müasir təhsil texnologiyalarının formalaşmasına təkan verəcəyi gözlənilir.  
     Qeyd edək ki, “AzMİU Academy”ni müvəffəqiyyətlə bitirən tələbələrə sonda sertifikatlar təqdim olunacaq.
     


     

24-10-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]