AzMİU tələbələrinin təcrübə və tədqiqat imkanları genişləndirilir [18.10.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tədris işləri üzrə prorektoru, professor Akif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutuna səfər edib. AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan səfərdə universitetin professor-müəllim heyətinin bir qrupu iştirak edib.
Nümayəndə heyəti Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun tədris auditoriyaları, tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar. Sonra Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor vəzifəsini icra edən Aytək Babayeva, institutun əməkdaşları ilə görüş keçirilib və dəyirmi masa arxasında müzakirələr aparılıb.
Görüş zamanı prorektor Akif Qasımov çıxış edərək institutla tanışlığa və yaradılan əməkdaşlıq imkanlarına görə AzMİU rəhbərliyinin təşəkkürünü çatdırıb. Prorektor qeyd edib ki, AzMİU Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun da əməkdaşlıqda maraqlı olduğunu deyən Aytək Babayeva AzMİU ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial imkanlardan danışıb.
Görüş zamanı AzMİU tələbələrinin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, institutun tədris və tədqiqat laboratoriyalarından birgə istifadə, birgə konfrans, simpoziumların təşkili məsələləri müzakirə edilib.