Şəhid Emin Qədirovun anası tələbələrin "Zəfər turniri"ni izlədi [14.10.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri arasında universitetin şəhid məzunu Emin Qədirovun anım gününə həsr olunmuş "Zəfər turniri" adlı intellektual bilik yarışı keçirilib. 
     Əvvəlcə AzMİU rəhbərliyi və şəhidin anası universitetdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan kompleksi ziyarət ediblər,  önünə gül dəstələri qoyublar. 
     Sonra yarışın açılış mərasimi keçirilib. 
     Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzMİU-nun prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Bayram Aslanov çıxış edərək gənclərə şəhidlərimizin keçdiyi yolu örnək götürməyi, Vətəni onlar kimi sevməyi, onlar kimi qorumağı tövsiyə ediblər. 
     Şəhidin anası İradə Qədirova AzMİU-da şəhidlərin xatirəsinin əbədiləşdirilməsini, onların yeni tələbələrə mütəmadi olaraq tanıdılmasını təqdirəlayiq hal kimi qiymətləndirib və yarış iştirakçılarına uğurlar arzulayıb.
      Böyük həyəcan və maraqla keçən yarışda tələbələr komandalar şəklində mübarizə aparıblar. Final qarşılaşmasından sonra qaliblər müəyyən edilib. I yeri Tikinti-iqtisad, II yeri Mexanika və İnformasiya texnologiyaları (MİT), III yeri isə İnşaat fakültəsinin komandası qazanıb. 
     Qaliblərə diplomlar təqdim edilib.               


 

14-10-2022