AzMİU-da dünya alimlərinin iştirakı ilə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı konfrans keçirilir [11.10.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IV Avrasiya Risk Beynəlxalq Konfransı öz işinə başlayıb. 3 gün (11 – 13 oktyabr) davam edəcək konfrans AzMİU, “AMİR Technical Servises” şirkəti, Gürcüstan Texniki Universiteti, Honqkonq Şəhər Universiteti, Etibarlılıq üzrə Beynəlxalq Qrup – ABŞ-nin Qnedenko Forumu və Avrasiya SEISMO Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və konfransı açıq elan edib. Rektor bildirib ki, qloballaşma, iqtisadi və texnoloji inkişaf həyat tərzinin daha da rahatlaşmasına şərait yaratsa da, bu tendensiya özlüyündə riskləri də artırır. Risklərin müəyyən olunması, qiymətləndirilməsi və potensial təhlükələrin aradan qaldırılmasının vacibliyinə toxunan professor Gülçöhrə Məmmədova Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərdən, ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfədən danışıb. Rektor qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizdə riskləri, potensial təhlükələri minimuma endirib və Azərbaycanı qlobal arenada nüfuzlu, eyni zamanda etibarlı tərəfdaşa çevirib.
Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, professor Sadiq Qurbanov çıxışında təbii ehtiyatlar, o cümlədən neft-qaz, mədən sənayesi və ekoloji istiqamətdə olan risklərdən danışıb. Komitə sədri konfransın aktuallığına diqqət çəkərək təşkilatçılara təşəkkür edib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev ekoloji risklərin bu gün ən aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi təhlükələrin qarşısının alınması baxımından son dərəcə vacib amildir.
Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov çıxışında risklərin müəyyən edilməsində müasir texnologiyaların tətbiqinin, eləcə də peyk texnologiyasından istifadənin yaratdığı üstünlüklərə toxunub.
Fövqəladə Hallar Nazirlyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, “AMİR Technical Servises” şirkətinin baş direktoru, professor Vüqar Əliyev və digər çıxış edənlər də konfransın əhəmiyyətindən danışıblar və risk mənbəyi istiqamətləri haqqında fikir bildiriblər.
Avrasiya məkanında risklərin qiymətləndirilməsi və idarə edilməsi, infrastrukturların monitorinqi, su anbarlarının və təbii ehtiyatların istifadəsi zamanı ətraf mühitdə yaratdığı problemlər, ekoloji amillər, təbii fəlakətlər kimi məsələlərin müzakirə olunduğu konfransda Avstriya, İtaliya və Almaniya da daxil olmaqla dünyanın 6 ölkəsindən nüfuzlu elm adamları iştirak edirlər. Ümumilikdə konfransa 20 ölkədən elmi məqalələr daxil olub.
Qeyd edək ki, konfrans öz işini bölmə iclasları ilə davam etdirəcək.