“Dolu” filminin komandiri AzMİU tələbələri ilə görüşüb [10.10.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə bağlı silsilə tədbirlər davam edir.
Bu dəfə AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetdə yazıçı, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında rejissor Elxan Cəfərovun ekranlaşdırdığı “Dolu” filmi nümayiş etdirilib. Tələbələrlə birgə filmi izləyənlər arasında “Dolu”nun “komandir”i, xalq artisti, professor Məmməd Səfa da olub.
Birinci Qarabağ müharibəsindən bəhs edən filmin nümayişindən əvvəl AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və THİK-in sədri Bayram Aslanov çıxış edərək qonağa tələbələrlə görüşə gəldiyi üçün təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, birinci Qarabağ müharibəsi haqqında gənclərdə dolğun məlumatın olması onların Vətən müharibəsində əldə etdiyimiz Zəfəri, mübarizəmizin əhəmiyyətini hərtərəfli şəkildə anlaması üçün son dərəcə vacibdir.
Xalq artisti Məmməd Səfa isə çıxışında film haqqında danışıb. Aktyor bildirib ki, “Dolu”da hər kəs üzərinə düşəni artıqlaması ilə yerinə yetirdi və buna görə də film kiçikdən-böyüyə hər kəs tərəfindən sevildi. Torpaqlarımız işğaldan azad olunsa da, tariximizi, xüsusilə Qarabağla bağlı həqiqətlərimizi unutmamalı olduğumuzu deyən xalq artisti gəncləri vətənpərvərliyə səsləyib.
Sonra film nümayiş etdirilib.
Filmin nümayişi başa çatandan sonra xalq artisti Məmməd Səfa tələbələrin sualını cavablandırıb.