İsrailin yüksək texnologiyaların tətbiqi üzrə qabaqcıl şəhəri olan Yokneamın birinci vitse-meri AzMİU-da olub [07.10.2022]
Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində ölkəmizə dəvət olunan İsrailin yüksək texnologiyalar üzrə qabaqcıl şəhəri Yokneamın birinci vitse-meri Roman Pereç Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) olub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşən qonaq İsraildə tətbiq olunan şəhərsalma texnologiyaları ilə bağlı geniş məlumat verib. Görüşdə şəhərsalma üzrə AZMİU və İsrailin ali təhsil müəssisələri, eləcə də bu istiqamətdə fəaliyyət göstərən qurumları ilə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.
Sonra Roman Pereç AzMİU-nun “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” ixtisası üzrə SABAH qruplarında təhsil alan magistrları ilə görüşüb. Görüşə görə təşkilatçılara təşəkkür edən qonaq Azərbaycanda doğulduğuna diqqət çəkərək, ölkəmizin onun üçün doğma olduğunu bildirib. Roman Pereç çıxışını ölkəmizlə İsrailin şəhərsalma üzrə ortaq və fərqli xüsusiyyətlərilə bağlı nüanslara toxunaraq davam etdirib.
O, Yokneam şəhərinin memarlığı, şəhərin strukturu, idarəetməsi haqqında geniş məlumat verib. Qonaq şəhərsalma prosesində “ağıllı” texnologiyalardan istifadənin yaratdığı imkanlara toxunaraq işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən “ağıllı” şəhər və “ağıllı” kənd layihələrinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu layihələrin tətbiqi ölkəmizdə enerji səmərəliliyini artırmağa, ekoloji tarazlığın qorunmasına, idarətmənin hərtərəfli təşkili ilə insanların rifahının daha da yüksəldilməsinə imkan verəcək.
Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.