Əcnəbi tələbələrimiz Şuşaya səfər ediblər [07.10.2022]
“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin (İSAY) həyata keçirdiyi “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində əcnəbi tələbələrin Şuşaya səfəri baş tutub. Türkiyə, Pakistan, Slovakiya, ABŞ, Böyük Britaniya, Hindistan, Çin, İran və Koreya Respublikası da daxil olmaqla 36 ölkədən, ümumilikdə 44 tələbənin iştirak etdiyi səfərə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əcnəbi tələbələri də qatılıb.
AzMİU-nu bu səfərdə Türkiyə vətəndaşı olan I kurs 112 a2 qrup tələbəsi Barbaros Yalım Acar və Qazaxıstan vətəndaşı 110 r qrup tələbəsi Temirlan Daurenbekov təmsil ediblər.
Əcnəbi tələbələrin səfər turu mədəniyyət və incəsənət xadimlərimiz Üzeyir Hacıbəyov, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş heykəl abidələrinin ziyarəti ilə başlayıb. Onlara mədəniyyət beşiyimiz olan Şuşada dünyaya göz açmış adı çəkilən görkəmli şəxslərin həyat və fəaliyyəti, eləcə də güllələnmiş heykəllərinin tarixi barəsində məlumat verilib. Daha sonra əcnəbi tələbələrin şəhər gəzintisi başlayıb.
Şəhər gəzintisindən sonra Cıdır düzündə ətrafı seyr edən əcnəbi tələbələrə layihənin rəhbəri, İSAY İB-nin sədri Eyyub Kərimli tərəfindən Şuşanın tarixi və Azərbaycan xalqı üçün mənəvi dəyəri barəsində ətraflı məlumat verilib.
“Biz Şuşanın səfiriyik” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfindən elan edilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibidir və Agentliyin maliyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində əcnəbi tələbələrin Şuşa səfəri ilə bağlı təəssüratlarını özündə ehtiva edən eyniadlı filmin də çəkilişləri aparılıb. İngilis dilində olacaq film Zəfər Günündə yerli və beynəlxalq media qurumları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə yerli və xarici ölkə ictimaiyyətlərinə təqdim olunacaq.