AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı təbriki [05.10.2022]
Əziz müəllimlər, Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!
Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib və bu prosesdə müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür.
Missiyası şəxsiyyət, layiqli vətəndaş yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin də hər zaman böyük gözləntiləri olub. Bu gözləntilər müasir dövrdə daha da artıb. Əminəm ki, ölkəmizin inkişafı, çiçəklənməsi, şəhərlərimizin abadlaşdırılması və milli memarlıq irsimizin qorunub saxlanılması üçün peşəkar mütəxəsislər yetişdirən Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri müqəddəs missiyalarını bundan sonra da əzmkarlıqla davam etdirəcəklər.
Əziz müəllimlər! Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!