AzMİU Türkiyənin Bilkent Universiteti ilə əməkdaşlıq edəcək [03.10.2022]


     Türkiyənin Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan, həmin universitetin prorektoru, professor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. 

     Əvvəlcə qonaqlar və AzMİU-nun rəhbərliyi Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. AzMİU rəhbərliyi və qonaqlar, həmçinin Şəhidlər xiyabanında da olublar. Burada torpaqlarımız, müstəqilliyimiz uğrunda canını fəda edən Şəhidlərimizin məzarı və “Türk Şəhidliyi” abidəsi ziyarət olunub.  
     Daha sonra AzMİU-da qonaqlarla universitet rəhbərliyinin görüşü keçirilib. 
     Qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ulu öndər Heydər Əliyevin Bilkent Universitetinin qurucusu, Türk Dünyasının şöhrətli alimi, professor İhsan Doğramacı ilə dərin dostluq əlaqəsinə diqqət çəkib və bu dostluğun nəticəsində Bilkent Universitetinin Azərbaycan üçün doğmalaşdığını vurğulayıb. İhsan Doğramacının sağlığında Bilkent Universitetinə səfərini xatırladan rektor qeyd edib ki, yaxın əlaqələr AzMİU və Bilkent Universiteti arasında başladılan əməkdaşlığın sürətli inkişafına yol açacaq.
     Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan da çıxışı zamanı ulu öndər Heydər Əliyevlə professor İhsan Doğramacının yaxın dostluq əlaqələrindən danışıb və AzMİU rektoruna İhsan Doğramancının Bilkent Universitetinin ərazisindəki abidəsinin təməlqoyma mərasimində Ulu Öndərin lentə alınan fotosunu hədiyyə edib. Professor Kürşat Aydoğan AzMİU ilə əməkdaşlıqdan məmnun olduqlarını, əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. 
     Bilkent Universitetin prorektoru, professor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da çıxış edərək iki universitet arasında yeni başladılan əməkdaşlığın önəmindən danışıblar. 
     Sonra AzMİU və Bilkent Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan imzalayıb. 
     Müqavilədə hər iki universitetin akademik heyət, tələbə və tədqiqat qrupları arasında əməkdaşlıq niyyətinin olduğu qeyd olunub. 
Bundan əlavə, universitetlər qarşılıqlı maraq çərçivəsində bir sıra prinsip üzrə razılığa gəliblər:
- Təhsil sahəsində birgə proqramların tədqiqi və inkişafı;
- Beynəlxalq, regional və milli layihələrdə birgə iştirak;
- Tələbə, müəllim və akademik heyətin mübadiləsi (təlim, mühazirə, təcrübə, stajkeçmə və tədqiqat fəaliyyətində iştirak);
- Əvvəlcədən razılaşdırılmış mövzular üzrə birgə elmi konfranslar, seminarlar, simpoziumlar, dəyirmi masaların təşkili;
- Qarşılıqlı maraq doğuran sahələr üzrə birgə tədqiqat layihələrinin təşkili və həyata keçirilməsi;
- Elm və tədris məqsədləri üçün istifadə oluna biləcək təqdiqat və elmi məlumatların mübadiləsi;
- Ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün institusional əlaqələrin inkişaf etdirilməsi.
     Müqavilə imzalandıqdan sonra qonaqlar AzMİU-nun tədris korpusları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar, professor-müəllim heyəti, tələbələrlə söhbət ediblər. 
     Məlumat üçün bildirək ki, AzMİU-nun dünyanın 100-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq və 6 ikili diplom proqramı müqaviləsi mövcuddur. 
 

03-10-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]