AzMİU ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib [22.09.2022]


     Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Fadina Anqelina Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Qonaq AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Əliyev və şöbənin əməkdaşı Natiq Məhəməliyev ilə görüşüb, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulması, eləcə də potensial imkanlar barədə müzakirələr aparıb.
     Professor Nərgiz Abdullayeva AzMİU haqqında qonağa geniş məlumat verib. Bildirilib ki, universitetin 8 fakültəsində bakalavr səviyyəsində 25, magistr səviyyəsində 26 ixtisas üzrə 10 000-dən çox tələbə, o cümlədən 700-ə yaxın əcnəbi tələbə təhsil alır. Beynəlxalq əməkdaşlığın önəminə toxunan prorektor, AzMİU-nun dünyanın 4 qabaqcıl ali təhsil müəssisəsi – İstanbul Texnik Universiteti, Milan Politexnik Universiteti, Leiria Politexnik İnstitutu və Coruna Universiteti ilə ikili diplom müqavilələrinin olduğunu, bu müqavilələr çərçivəsində uğurlu tələbə mübadiləsinin həyata keçirildiyini qeyd edib. Universitetin beynəlxalq təhsil layihələrində aktiv iştirak etdiyini deyən professor Nərgiz Abdullayeva bu layihələr çərçivəsində də uğurlu əməkdaşlığın qurulduğunu deyib. 
     Öz növbəsində dosent Fadina Anqelina da Həştərxan Dövlət Universiteti haqqında məlumat verib. O, qeyd edib ki, 1932-ci ildə yaradılan universitet Xəzəryanı Dövlət Universitetləri Assosiasiyasının üzvü, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı Universitetlərini təşkil edən 16 əsas Rusiya universitetindən biridir.  2000-ə yaxını xarici vətəndaş olmaqla ümumilikdə 12000-dən çox tələbənin təhsil aldığı universitetdə humanitar ixtisaslarla yanaşı, texniki, o cümlədən memarlıq və dizayn üzrə ixtisasların olduğunu deyən prorektor, AzMİU ilə əməkdaşlıq imkanlarının mövcudluğuna diqqət çəkib. 
     Görüşdə əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın qurulması istiqamətində qarşılıqlı səfərlərin təşkili, görüşlərin keçirilməsinin vacibliyi qeyd olunub. 


 

22-09-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]