2022-2023-cü tədris ilinin başlaması münasibətilə rektorun təbriki [16.09.2022]


     Əziz tələbələrimiz və dəyərli müəllimlərimiz!
     Bildiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub. Baş verən təxribat göstərir ki, Ermənistan silahlı qüvvələri, hərbi-siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsində düçar olduğu ağır məğlubiyyətdən dərs çıxarmayıb və bu ölkədə revanşist qüvvələr formalaşmaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən hərbi-siyasi idarəçiliyi və Ordumuzun yüksək peşəkarlığı nəticəsində dərhal şəhidlərimizin qisası alındı və düşmənə sarsıdıcı zərbələr vuruldu.  
     Şübhəsizdir ki, kollektivimiz və tələbələrimiz hər zaman olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, Ordumuzun yanındadır və vətənimizə, dövlətçiliyimizə qarşı istənilən təxribata layiqli cavab verməyə hazırdır.  
     Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. 
     Ölkəmizə və millətimizə qarşı qəsbkar niyyətlər öz fərdi inkişafımızı, savadlı və peşəkar gənclik formalaşdırmağı daha da aktual edir. Bunun üçün yeni tədris ilində universitetimizin tələbələrinin daha çox çalışacağına əminəm. 
     Məlum olduğu kimi, artıq postpandemiya dövrünün ilk mərhələsinə qədəm qoymuşuq və bu bizə ötən 2 ildən fərqli olaraq ənənəvi tədrisə tam qayıtmağa imkan verib. Əminəm ki, ölkəmizdə vətəndaşlarımızın, o cümlədən, təhsil işçilərinin və tələbələrin sağlamlığına göstərilən dövlət qayğısı, eləcə də universitetimizdə tibbi profilaktika ilə bağlı aparılan işlər 2022-2023-cü tədris ilinin uğurla keçməsini təmin edəcək. 
      2022-2023-cü tədris ilində də Azərbaycan Memarlıq və İnşaat Universitetində tədrisin kefiyyətinin yüksəldilməsi, elmi tədqiqatların müasir yanaşmalar əsasında inkişaf etdirilməsi, tələbələr üçün universitetdə sosial mühitin daha da yaxşılaşdırılması və onların mübadilə proqramlarında, innovativ layihələrdə aktiv iştirakı prioritet istiqamətlərimiz olacaq.
      Bu il planlaşdırılan qəbul yerlərinə tələbə qəbulu üzrə ötən illərlə müqayisədə daha yüksək səviyyə əldə olunub. 2022-2023-cü tədris ili üzrə universitetimizə 2166 tələbə qəbul olunub ki, bu da ümumi planlaşdırılan qəbul yerlərinin 95,52%-i deməkdir. Universitetimizə yeni qəbul olan tələbələr arasında yüksək bal toplayan abituriyentlərin sayı artıb. 
      Universitetimizə marağın artmasına səbəb aparılan islahatlar, elmi-texniki yeniliklərin tətbiqi ilə yanaşı, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən sürətli tikinti-quruculuq işləridir. Azad olunan ərazilərimizdə milli memarlıq irsimizin formalaşdırılması və bərpası ilə yanaşı qabaqcıl inşaat texnologiyalarının və şəhərsalma konsepsiyalarının tətbiq ilə tez bir zamanda yenidən qurulması üçün lazımi kadr potensialının hazırlanması dövlətimiz qarşısında şərəfli borcumuzdur.  
       Birgə səylərimizlə yeni tədris ilində daha yüksək nəticələr göstərəcəyimizə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin hər zaman olduğu kimi ən qabaqcıl ali təhsil müəssisələri sırasında olacağına əminəm. 
       Əziz tələbələrimiz və dəyərli müəllimlərimiz, yeni tədris ilində Sizə uğurlar arzulayıram!   

16-09-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]