AzMİU-da 2021-2022-ci tədris ilində Elmi Şuranın son iclası keçirilib [15.07.2022]


          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın cari tədris ilində son iclası keçirilib. Gündəlikdə olan məsələləri elan etməmişdən öncə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədovu 70 illik yubileyi münasibəti ilə təbrik edib, yenilikçi və işgüzar kafedra müdiri kimi tanınan yubilyara səmimi arzularını bildirib. Şura üzvləri də təbriklərə qoşularaq həmkarlarına sağlıqlı uzun ömür, fəaliyyətində uğurlar arzu ediblər.
          Rektor gündəlikdə olan məsələlər haqqında məlumat verib və gündəlik şura üzvləri tərəfidən təsdiq olunduqdan sonra Tədris işləri üzrə prorektor, professor Akif Qasımov 2021-2022-ci tədris ilinin yekunları barədə geniş məruzə ilə çıxış edib. O, tədris prosesi, payız və yaz semestri imtahanlarının təşkili, fakültə və kurslar üzrə keyfiyyət və kəmiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb. Əldə edilmiş uğurlar, tədris prosesində yeniliklər barədə məlumat verən prorektor ortaya çıxan çatışmazlıqlar və nöqsanlardan da danışıb, irad və təkliflərini bildirib. 
          A.Qasımovun hesabatından sonra Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin hesabatla bağlı fikirləri dinlənilib, müvafiq qərarlar qəbul edilib. 
          Universitetin  elmi katibi Nigar Aslanova gündəliyə uyğun olaraq  “2021-22-ci tədris ilində Elmi Şuranın qərarlarının yerinə yetirilməsi” barədə hesabat təqdim edib. Hesabatda Elmi Şurada qəbul edilmiş qərarların icrası ilə bağlı aparılmış monitorinqin nəticələri təqdim edilib, görülən işlər,  Şuranın qərarlarına laqeyd yanaşan fakültə, kafedra, şöbə və mərkəzlər barədə açıqlamalar verilib.
         Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra rektor müzakirə olunan məsələlərə münasibət bildirib. Cari tədris ilində universitetin qazandığı uğurlardan danışıb, AzMİU-nun ilbəil genişlənən beynəlxalq əlaqələri, yeni ikili diplom müqavilələri, tələbə qəbulunu artırmaq üçün aparılan islahatlar barədə məlumat verib, təhsilin və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görüləcək işlərə toxunub. O, iclasda səslənən bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, müvafiq tapşırıqlar verib.
         Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatıb. 
 

15-07-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]