AzMİU ilə Norm ASC arasında Əməkdaşlıq müqaviləsi bağlanıb [21.07.2022]


      

           Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova bu gün Norm ASC-nin Baş İcraçı direktoru Henninq Sassenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə şirkətlə universitet arasında bağlanan Əməkdaşlıq Memorandumu, kadr hazırlığı, gələcək layihələr, qarşıda duran planlardan danışılıb. Görüşdə Tədris işləri üzrə prorektor Akif Qasımov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Materialşünaslıq kafedrasının müdiri İradə Şirinzadə iştirak edib. 
          AzMİU-nun rektoru rəhbərlik etdiyi təhsil müəssisəsi, fakültə və ixtisaslar, beynəlxalq əlaqələr, ölkə daxilində əməkdaşlıq etdikləri partnyor şirkətlər barədə qonaqlara məlumat verib. Tədris prosesində şirkətlərlə əməkdaşlığın təhsilin inkişafına töhfələr verdiyini diqqətə çatdırıb. Universitetlə şirkət arasında əlaqələri daha da inkişaf etdirmək üçün bu görüşün əhəmiyyətini xüsusi vurğulayan rektor əməkdaşlığın başqa istiqamətlərdə də irəliləməsi üçün təkliflər səsləndirib.
          Qəbul üçün rektora təşəkkürünü bildirən şirkətin Baş direktoru AzMİU ilə ikitərəfli əlaqələrin möhkəmlənməsi və yeni mərhələyə daxil olması üçün universitetlə şirkət arasında əməkdaşlıq memorandumunun imzalanmasını ilkin addım kimi yüksək dəyərləndirib. Cənab Henninq Sasse onu da qeyd edib ki, əməkdaşlığın məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək, kadr hazırlığı prosesinə yardımçı olmaq, bu prosesdə yaxından iştirak etmək, nəticədə şirkətin peşəkar mütəxəssislərə olan ehtiyacını ödəmək, bu sahədə ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verməkdir. Eyni zamanda şirkət rəsmisi memorandum çərçivəsində tələbələrin istehsalat təcrübəsinin təşkili məsələsinə də toxunub. Bildirib ki, elm və istehsalat əlaqələrinin sıx qurulması, qarşılıqlı inkişafı kadr hazırlığı prosesində vacib elementdir, bu baxımdan AzMİU tələbələrinin şirkətdə təcrübə keçməsi öz faydasını verəcək. Baş direktor memorandumun detalları, gələcək planlar barədə də universitet rəhbərliyi ilə fikir mübadiləsi aparıb.
            Norm Sement zavodunun fəaliyyəti barədə video çarx nümayiş olunub, şirkətin nümayəndəsi təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. Ümumi müzakirələrdən sonra Universitetlə şirkət arasında müqavilə bağlanıb. İşgüzar şəraitdə keçən görüşdən sonra qonaqlar Universitetin laboratoriya və mərkəzləri ilə tanış olublar.
 

21-07-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]