AzMİU tələbələri üçün Dreamland Baku-da Məzun Günü keçirib

     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2021-2022-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Dreamland Bakuda düzənlənən mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, özəl qurumların nümayəndələri, universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri, AzMİU-nun professor-müəllim heyəti, valideynlər və digər qonaqlar iştirak edib. “Məzun günü” Azərbaycanın dövlət himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
      Mərasimi açıq elan edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin təntənəli buraxılış gecəsində “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb. “Əziz məzunlar! Dörd il bundan əvvəl həyatınızda ən böyük uğura imza ataraq tələbə adını qazandınız. Bu gün isə böyük bir şərəf və iftixarla AzMİU-dan ayrılırsınız, məzun olursunuz. İmtahan həyəcanı, yuxusuz gecələr, sessiya stresi, gənclik həyatının ən şirin dönəmi olan tələbəlik illərinin sevincli və kədərli, narahat və qayğılı, ömrünüzün təkrarolunmaz anları artıq geridə qaldı. Artıq həyatınızın müstəqil, eyni zamanda daha məsuliyyətli dövrünə qədəm qoyursunuz, sizə bu yolda yalnız uğurlar diləyirəm, yolunuz açıq olsun. Hansı mövqedə olursunuzsa olun, dövlətimizə, vətənimizə xeyirli bir övlad, vətəndaş olun, millətimizin adını həmişə, hər yerdə uca tutun”. Rektor çıxışında 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbəyə də toxunub. Fəxrlə vurğulayıb ki,  Vətən müharibəsində bizə Qələbə sevincini yaşadanlar sırasında AzMİU-nun mərd tələbə və məzunları, Vətən torpağı uğrunda canından keçən 24 şəhidi, onlarla qazisi var. “Şəhidlik zirvəsinə yüksələn oğullarımızın ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirik, onların əziz xatirəsini daima yaşadacağımıza söz veririk”. 
     Sonra rektor universitetin qazandığı uğurlardan, builki məzunların nəticələrindən danışıb. Bildirib ki, başa vurduğumuz tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1596, magistratura səviyyəsində 42 ixtisaslaşma üzrə 312 tələbə olmaqla cəmi 1908 gənc bitirir. SABAH qruplarında inşaat mühəndisliyi ixtisasında təhsil alan 15 tələbə də bu siyahıda yer alır. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrimizdən 5, magistr tələbələrimizdən də 7 nəfər fərqlənmə diplomuna layiq görülüb. Universitetin nəzdində olan İnşaat Kollecinin məzunlarından 9-u təhsilini fərqlənmə diplomu ilə başa vurub. Onu da qeyd edək ki, bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İraq, İran, Qazaxıstan, Suriya,  Rusiya və Gürcüstandan 72 bakalavr, 4 magistr məzun var. 
       Rektorun çıxışından sonra Təhsil Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edən nazir müavini Firudin Qurbanov onlara peşəkar karyeralarında uğurlar arzulayıb, bu il məzunlar arasında yer alan qazilərimizi təltif edib.  
       Tədbirin gedişində AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə fərqlənmə diplomu ilə bitirən məzunlarına qırmızı diplomlar təqdim edilib. Tədbirdə çıxış edən digər qonaqlar – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev, Milli Məclisin deputatları Yalə Əhmədova, Aydın Mirzəzadə, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, birinci müavini Akif Abdullayev, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Memarlar İttifaqı İdarə Heyətinin katibi Rüfət Ağazadə də məzunları təbrik ediblər, uğurlar arzulayıblar. Qonaqlar universitetin  ictimai işlərində xüsusi fəallıqları ilə seçilən, ümumi orta müvəffəqiyyət göstəricisi  yüksək olan məzunları təltif ediblər. Məzunlar tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini söyləyərək  universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
        Məzunların buraxılış gecəsi maraqlı konsert proqramı ilə  davam edib. AzMİU-nun özfəaliyyət ansamblının üzvləri, möhtəşəm partilərin aparıcısı Elcan Rahim və DJ Kamo öz çıxışları ilə məzunların sevincinə şərik olublar. 
 
 

01-07-2022