AzMİU ilə Bakı Limanı  arasında Anlaşma Memorandumu imzalanıb  [28.06.2022]


         
          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru , professor Gülçöhrə Məmmədovanın təmsil olunduğu nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də səfərdə olub. Səfər çərçivəsində AzMİU ilə Bakı Limanı arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Universitetdə logistika və daşımalar, nəqliyyat, tikinti, limanların idarə edilməsi və digər sahələr üzrə kadr hazırlığı prosesinə dəstək vermək,  tələbələrin təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunmasını təmin etməkdir. 
         AzMİU-nun nümayəndə heyətini qəbul edən Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaqları salamlayıb. T.Ziyadov limanın fəaliyyət istiqamətləri, qarşıdakı hədəflər və gələcək planlar barədə danışıb, vurğulayıb ki, Bakı Limanı Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirməyi hədəfləyib. Onun sözlərinə görə bununla da Bakı limanı ölkə və regionun iqtisadiyyatında xüsusi rol oynayacaq. Baş direktor bu cür irimiqyaslı proseslərdə Azərbaycan gənclərinin potensialından səmərəli istifadəni təmin edən əməkdaşlıqların əhəmiyyətinə də toxunub. Vurğulayıb ki, AzMİU, eləcə də digər universitetlərlə əməkdaşlıq praktiki iş təcrübəsi və müasir bazarın çağırışlarına uyğun kadr potensialının yaradılmasına böyük dəstəkdir. 
         İmzalanma mərasimində çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova dəvət və əməkdaşlıq üçün təşəkkür edib. Rektor ali təhsil müəssisəsi ilə biznesin əməkdaşlığının akademik təhsil müddəti zamanı peşəkar gənc kadrların yetişməsinə, tələbələrin iş həyatına hazırlanmasına, regional nəqliyyat mərkəzi olan Azərbaycanın yaxın gələcəkdə bu sahə üzrə kadr potensialnın möhkəmlənməsinə böyük kömək olacağını qeyd edib. G.Məmmədova logistika sahəsinin ölkə iqtisadiyyatı üçün mühüm sahələrdən biri olduğunu vurğulayıb, bu razılaşmanın karyerasını logistika sahəsində qurmaq istəyən gənclər üçün böyük imkanlar yaradacağına, birgə proqramın uğurlu olacağına əminliyini ifadə edib. Rektor eyni zamanda Bakı limanı ilə əməkdaşlığın yalnız logistika istiqaməti üzrə deyil, universtetdə hazırlanan müxtəlif ixtisaslar üzrə inkişaf etdirilməsini arzulayıb. 
        Anlaşma memorandumuna əsasən, universitetdə təhsil alan tələbələr öz ixtisaslarına uyğun peşəkar hazırlıq kurslarına cəlb olunacaq və akademik təhsildə qazandıqları təcrübəni real iş mühitində tətbiq edəcəklər. Həmçinin, həyata keçiriləcək birgə təlim proqramları gələcəkdə universitetin məzunlarının Bakı Limanında və Azərbaycanda sürətlə genişlənən logistika sahəsində işlə təmin olunması üçün önəmli imkanlar yaradacaqdır.     

         İmzalanma mərasimindən sonra nümayəndə heyəti təhlükəsizlik qaydalarına uyğun olaraq kaska (baş geyimi) və jiletlərlə təmin olunaraq Bakı Limanının ərazisini gəziblər, terminalların iş prinsipi ilə tanış olublar. Onlara ümumi yük terminalı və həmin terminalda qablaşdırılmış, səpkili və konteyner yüklərinin aşırılması qaydaları izah edilib. AzMİU nümayəndələri Bakı Limanının “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti, hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə əyani tanış olub. Qonaqlara limanın texniki imkanları və operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalar və innovativ həllərlə bağlı məlumat verilib. Eyni zamanda qonaqlara Bərə terminalı və bu terminalda vaqonların bərə-gəmilərinə yüklənib-boşaldılması prosesi haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

07-07-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]