AzMİU ilə Türkiyənin Hacettepe Universiteti arasında Anlaşma Memorandumu imzalanıb [06.06.2022]
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin nüfuzlu Hacettepe Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Mərasimdə AzMİU-nun rektoru, prorektorlar, dekanlar, kafedra və şöbə müdirləri iştirak ediblər.
İmzalanma mərasimindən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, rəhbərlik etdiyi ali təhsil ocağının Türkiyənin bir çox ali məktəbləri ilə əməkdaşlıq etdiyini və bu əməkdaşlığın səmərəli nəticələr verdiyini qeyd edib. O, AzMİU ilə Hacettetpe Universiteti arasında da ikitərəfli əlaqələrin Mövlanə Mübadilə Protokolu çərçivəsində başlandığını, müxtəlif illərdə müəllim və tələbələrin (dizayn ixtisası) Hacettepe Universitetində olduqlarını qonağın diqqətinə çatdırıb. 2019-cu ildə AzMİU ilə Hacettepe Universiteti arasında imzalanmış əməkdaşlıq protokolunun vaxtının bitdiyini, artıq yeni müqavilənin imzalanmasına ehtiyac olduğunu bildiib. Rektor yeni sənədin hər iki tərəf üçün faydalı və perspektivli olacağını, ikili diplom proqramlarının tətbiqinin, müəllim və tələbə mübadiləsinin gələcəkdə müsbət nəticə verəcəyini vurğulayıb.
Türkiyənin Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran da AzMİU-da olmaqdan məmnun olduğunu deyib, universitetlərində fəaliyyət göstərən mərkəzlər, tədris olunan ixtisaslar haqqında geniş məlumat verib. O, bu memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd edib.
Məlumat üçün qeyd edək ki, imzalanan anlaşma memorandumuna əsasən, ali təhsil ocaqları tədqiqatçı, tələbə, magistr və doktorantların mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili sahələrində, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə əməkdaşlıq edəcəklər.