EDU Company Təhsil Şirkətinin təmsilçiləri sonuncu kurs tələbələri üçün seminar keçirib [26.05.2022]
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və EDU Company Təhsil Şirkətinin birgə əməkdaşlığı çərçivəsində 3 və 4-cü kurs tələbələri üçün “Master üzrə master” adlı seminar keçirilib. Universitetin Qəbul komissiyasının əməkdaşı Rəna Cəbrayılovanın təşkilatçılığı ilə gerçəkləşən seminarda şirkətin Nizami filialının rəhbəri Kamran Məmmədov, ingilis dili müəllimi Jalə İsmayılova, məntiq və informatika müəllimi Gülnar Ağazadə, şirkətin psixoloqu Rəhimə Əliyeva və tələbələr iştirak edib.
Giriş nitqi ilə çıxış edən AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev qonaqları salamlayıb seminarın tələbələr üçün əhəmiyyətindən danışıb. Magistratura təhsilinin ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət etdiyini vurğulayan prorektor tələbələri aktiv olmağa, onları maraqlandıran suallara cavab almağa səsləyib.
Nizami filialının müdiri Kamran Məmmədov öz sahələri üzrə inkişaf etmək və mütəxəssis olmaq üçün tələbələrin magistratura təhsili almasının vacibliyini qeyd edib. Şirkət rəsmisi magistraturaya qəbul imtahanları hazırlıqları və qaydalar barədə məlumat verib. Bildirib ki, magistratura hazırlıqları həm Azərbaycan, həm də rus bölməsi üzrə keçirilir. O qeyd edib ki, artıq 9 ildir fəaliyyət göstərən EDU Company Təhsil Şirkətində şəhid övladlarının hazırlığı ödənişsiz həyata keçirilir.
Müəllimlər hazırlıq dövründə tələbələrin qarşılaşdığı çətinliklər, imtahanlarda etdikləri səhvlərdən danışıblar və bu kimi problemlərin aradan qaldırılması üçün dəyərli tövsiyələrini veriblər.