Əməkdar memar Akif Abdullayevin 70 illik yubileyi qeyd olunub


          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Əməkdar memar Akif Abdullayevin 70 illik yubileyi qeyd olunub. Tədbirdə AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. 
          Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova tədbiri açaraq Azərbaycan memarlığına dəyərli töhfələr vermiş Akif Abdullayevi təbrik edib və ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. Yubilyarın ömür yoluna nəzər salan dekan onun institutu bitirəndən sonra Bakı  şəhər  XDS İcraiyə Komitəsinin  Memarlıq  və  Şəhərsalma  Baş  idarəsinin   böyük  mühəndis  vəzifəsindən  başlayaraq,  Bakı  Şəhər  Memarlıq  və  Şəhərsalma  Baş  İdarəsinin  rəisi,  Baş  memar  vəzifəsinə qədər ucalmasından danışıb. A.Abdullayevin 2004-cü ildən AzMİU-nun Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri kimi fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdıran Z.Məmmədova onun bu illər ərzində ölkəmiz üçün gənc memar mütəxəssislərin hazırlanmasında öz təcrübəsini, tövsiyə və məsləhətlərini  əsirgəmədiyini xüsusi qeyd edib. 
           AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova mahir memar, xeyirxah insan, gözəl dost, sevimli həmkar və səmimi dost kimi dəyərləndirdiyi Akif Abdullayevi Universitetin professor-müəllim heyəti adından 70 illik yubileyi münasibəti ilə təbrik edib, can sağlığı, uzun ömür, işgüzar fəaliyyətində uğurlar arzulayıb. G.Məmmədova çıxışında həmkarının seçdiyi memarlıq sənətini çox sevdiyini, işinə böyük məsuliyyətlə yanaşdığını, gördüyü işlərlə Azərbaycan memarlığında təkrarolunmaz iz qoyduğunu bildirib. Müasir Bakının meydan və prospektlərində, bağ və parklarında, eləcə də ölkəmizin hüdudlarından kənarda Akif müəllimin layihəsi ilə ərsəyə gələn saysız-hesabsız tikili və binaların olduğunu vurğulayıb. Rektor bildirib ki,  A.Abdullayevin memarlıq sənəti sahəsində səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 2012-ci  ildə Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı  ilə  “Əməkdar memar”   fəxri adına layiq görülüb.  
           AzMİU-nun kafedra müdiri, Memarlar İttifaqının sədri Elbay Qasımzadə yubilyarla dostluğunun tarixinin uzun illərə söykəndiyini, bu illər ərzində onu çox məhsuldar, enerjili, həyatsevər və yaradıcı bir insan kimi tanığını diqqətə çatdırıb. 1998-ci ildə Şəhidlər Xiyabanında Əbədi məşəl abidəsinin layihəsinin həmmüəlliflərindən biri kimi öz işinə, sənətinə necə həssaslıqla yanaşdığını xatırlayıb. E.Qasımzadə həmkarının son 20 illik yaradıcılığına nəzər salıb, müəllifi olduğu layihələri -  ulu öndər Heydər Əliyev, görkəmli oftolmoloq Zərifə Əliyeva, xalq şairi Yusif Səmədoğlu, Mustafa Kamal Atatürk, rus şairi Puşkin və başqalarının abidə, büst, qəbirüstü heykəllərini sadalayıb, paytaxtda, eləcə də ölkəmizin sərhədlərindən uzaqlarda- Türkiyədə, Vyanada onun layihələri ilə ərsəyə gələn onlarla tikililər, binalar, abidələr, yeni komplekslər və bağlardan danışıb. 
           Tədbirdə çıxış edən AzMİU-nun professorları Ramiz Əbdülrəhimov, Aybəniz Həsənova, Memarlıq fakültəsinin dekan müavini Həsən Həsənov, Memarlıq fakültəsinin məzunu İsmayıl Hacıyev yubilyarı təbrik ediblər, onun layihələndirdiyi memarlıq nümunələrinin paytaxtımızın gözəlləşməsində, onun yeni rakursda inkişafında mühüm yeri olmasından danışıblar, yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini yüksək qiymətləndiriblər.
            Sonda çıxış edən Akif Abdullayev tədbirin təşkilində əməyi olan, ünvanına xoş sözlər səsləndirən həmkarlarına dərin təşəkkürünü bildirib. 

02-06-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]