QS beynəlxalq reytinq şirkətinin regional direktoru AzMİU-da olub [19.05.2022]


     Böyük Britaniyanın Quacquarelli Symonds (QS) konsaltinq şirkətinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sergey Xristolyubov bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti ilə görüşüb. Universitetin Təcrübə və karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə S. Xristolyubov gəlişinin səbəbini açıqlayıb, bildirib ki, məqsəd ölkənin aparıcı universitetlərinə reytinqlərdə iştirak kontekstində informasiya-analitik dəstək verməkdir. O, son illər Azərbaycan universitetlərinin qlobal reytinq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasını yüksək qiymətləndirib, bunu ali təhsilin gələcəyi üçün atılan strateji addımlardan biri hesab etdiyini bildirib. Qeyd edib ki, bu sistemlərə düşmək beynəlxalq tələbə bazarındakı rəqabətdə universitetlərə böyük üstünlüklər yaradır.
     Şirkətin rəsmisi QS reytinqinin əsaslandığı meyarlar üzrə daha çox və keyfiyyətli informasiya verilməsinin vacibliyinə diqqəti yönəldib, ali təhsil müəssisələrində reytinq sistemi üzrə işin təkmilləşdirilməsi üçün beynəlxalq, milli və profil üzrə müvafiq sistemlərdən, istifadə olunan meyalardan danışıb. Bildirib ki, reytinq cədvəli müxtəlif kriteriyalar – ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı, akademik mobillik, pedaqoji akademik heyətin keyfiyyəti, onların əsərlərinə iqtibas tezliyi, məzunların işlə təminatı, h-indeks üzrə elmə verilən töhfələrin qiymətləndirilməsi, internet ünvanının aktivliyi və digər parametrlərə görə hazırlanır. 
     AzMİU-nun QS reytinqinin qaldırılması istiqamətində öz tövsiyələrini verən S.Xristolyubov elmi potensialı gücləndirməyin, beynəlxalq elmi əməkdaşlıqlarda iştirakı artırmağın, beynəlxalq elm-təhsil mühitində əlaqələr şəbəkəsini genişləndirməyin, eləcə də müəllim və tələbə mübadiləsi proqramlarını inkişaf etdirməyin vacibliyini vurğulayıb. 

20-05-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]