Sumqayıt Texnologiyalar Parkının nümayəndələri AzMİU-nun müəllim və tələbələri ilə görüşüblər [18.05.2022]
Bu gün Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim və tələbələri ilə görüşüblər. Universitetin Strateji planlaşdırma şöbəsi, İnnovativ Biznes İnkubator Mərkəzi, Təcrübə və karyera mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə STP-nin əməkdaşları Namiq Nağıyev, Ruslan Kərimduxt və Kamran Niftəliyev iştirak edib.
Giriş nitqi ilə tədbiri açan AzMİU-nun Təcrübə və karyera mərkəzinin direktoru Xanlar Qəniyev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Mərkəzin direktoru görüşün məqsədindən danışıb, bildirib ki, istehsalat müəssisələrinin nümayəndələri ilə keçirilən görüşlər universitet və müəssisələr arasında əməkdaşlığın qurulmasında mühüm rol oynayır, eyni zamanda tələbələrin karyera imkanlarının reallaşmasına kömək edir. Tədris işləri üzrə prorektor, professor Akif Qasımov AzMİU ilə STP arasında əməkdaşlığın qurulmasının hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev tələbələri universitetin onlar üçün yaratdığı bu cür imkanlardan yararlanmağa, istehsalatdan gələn peşəkarlarla fəal ünsiyyət qurmağa səsləyib.
STP-nin İnsan resurslarının idarə edilməsi departamentinin meneceri Namiq Nağıyev texnologiya parkı, onun fəaliyyət istiqamətləri, istehsal sahələri, məhsulları barədə geniş təqdimatla çıxış edib. məlumat verib. Tələbələrə texnoparkın karyera portalı və iş imkanlarındn danışan N.Nağıyev onlara öz tövsiyələrini verib, müasir dövrün tələblərinə uyğun innovasiya bazalı bilik və vərdişlərə yiyələnmələrini məsləhət görüb. Texnopark rəsmisi tələbələrin şirkətdə keçirilən təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları üçün mövcud imkanları da iştirakçıların diqqətinə çatdırıb.
N.Nağıyev tələbələr arasında STP-nin www.internstp.com saytına daxil olmaqla “Ölkəmizi necə tanıyırıq?” mövzusunda müsabiqə keçirib. Müsabiqədə yüksək nəticə göstərən tələbələr şirkətin promo məhsulları ilə mükafatlandırılıblar.