AzMİU-nun müəllimi UNESCO yanında təsis edilən “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib [16.05.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) baş müəllimi, İtaliya - Azərbaycan Dizayn Mərkəzinin direktoru, memarlıq üzrə fəlsəfə doktoru Fərid Kərimov UNESCO yanında təsis edilən “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. Akademiyanın Bakı nümayindəliyində, Arif Aziz Art House sənət evində keçirilən təqdimat mərasimində qurumun üzvləri, ölkəmizin görkəmli elm və incəsənət xadimləri, AzMİU və ADMİU-nun müəllim-tələbə heyəti, İtaliya səfirliyinin əməkdaşları iştrak ediblər. Fərid Kərimovla yanaşı Xalq rəssamı, professor, heykəltaraş Natiq Əliyev də Akademiyaya üzv seçilib. Təqdimatda “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoliy Silov, Bakı nümayindəliyinin müdiri, xalq rəssamı Arif Əziz, xalq rəssamı Xanlar Əhmədov, xalq rəssamı, professor Sakit Məmmədov, AzMİU-nun Memarlıq fakultəsinin dekanı, professor Zahidə Məmmədova, “Simurq” Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov yeni üzvləri təbrik ediblər.
Məlumat üçün qeyd edək ki, 2008-ci ildə UNESCO yanında təsis edilən “Yeni era” Dünya Rəssamlıq Akademiyasının baş iqamətgahı Xorvatiyanın Split şəhərində yerləşir. 30 ölkənin üzv olduğu Akademiyanın fəaliyyət illəri ərzində Çin (Xarbin), Rusiya (Çeboksarı) və Azərbycanda (Bakı) filialları açılıb. Akademiya fərqli ölkələrin görkəmli incəsənət nümayəndələrini ümumi məqsədlərlə birləşdirərək, mədəniyyətlərarası mübadiləni gücləndirir, korporativ layihələr, beynəlxalq səgilərin təşkili, auksion evləri ilə əməkdaşlıq, gənc rəssamlara dəstək, mədəni irsin və bədii ənənələrin qorunması, elmi tədqiqatlar təcrübəsini gərcəkləşdirir. Hazırda Akademiyanın üzvlərinin sayı 60-dır. Sakit Məmmədov, Arif Əziz, Səmədağa Cəfərov, Xanlar Əhmədov, Eldar Qurbanov, Orxan Cəbrayıloğlu, Ülviyyə Həmzəyeva, Nağdəli Xəlilov, Marqarita Sokolova, Sevil Kərimova, Ənvər Qarayev Azərbaycan tərəfindən seçilən nümayindələrmizdir. Bakı filialının 2014-cu ildə “11” adlı kollektiv sərgisi Müasir İncəsənət Muzeyində, 2019-cu ildə “Bahar ilmələri” xalça və qobelen sərgisi, Muzey mərkəzində 100 rəssamın “Maestro and Masters” kollektiv sərgisi keçirilib.