AzMİU-da tələbə və magistrantların 44-cü elmi konfransı başlayıb [12-05-2022]
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə və magistrantların 44-cü elmi konfransı öz işinə başlayıb. Açılış mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Konfransı giriş sözü ilə açan universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Reyhan Əkbərova tədbirin əhəmiyyətindən danışaraq konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunduğunu qeyd edib. Ənənəvi qaydada hər il keçirilən konfransa bu dəfə də gənclərin maraq göstərdiyini, təqdim olunan məqalələrin səviyyəsinin ilbəil yüksəldiyini yaxşı hal kimi qiymətləndirib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova hər il mayda ulu öndərin doğum günü münasibəti ilə tələbə və magistrantların respublika elmi konfransının keçirildiyini, gənclərin elmi yaradıcılığına daim diqqət göstərildiyini qeyd edib. Rektor bildirib ki, tələbə və magistrlər məqalələrini, elmi-tədqiqat işlərinin nəticələrini konfranslarda tanınmış mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarmaqla yaxşı təcrübə toplayır. Konfrans iştirakçılarına uğurlar arzulayan Gülçöhrə Məmmədova tələbə və magistrantlara daim öz üzərlərində çalışmağı, bilik və bacarıqlarını artırmağı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini mükəmməl öyrənməyi tövsiyə edib.
Salamlama çıxışlarından sonra konfransın proqramına uyğun olaraq plenar iclasın məruzələri dinlənilib. MİT fakültəsinin tələbəsi Rəhimağa Babayev “Heydər Əliyev və Azərbaycanda iqtisadi dirçəliş”, Memarlıq fakültəsinin magistr tələbəsi Nərmin Xəlilova “Qarabağın memarlıq irsinin mühafizəsi”, Nuranə Babazadə və Günay Mirhəsənova ortaq hazırladıqları “Böyükşor gölünün sahilində tələbələr üçün salınan asudə vaxt mərkəzinin memarlıq-landşaft-mühəndis layihəsi” mövzularında məruzələrini təqdim ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib, iclaslarda tələbə və magistrlərin 659 məzurəsi 19 bölmədə dinlənilib və müzakirə edilib.