Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sərgi təşkil olunub [06.05.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda Ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Müstəqil Azərbaycanın memarı Heydər Əliyev” adlı fərdi yaradıcılıq sərgisi təşkil olunub. Universitetin Memarlıq fakültəsinin keçmiş məzunu, hazırda Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Memarlıq planlaşdırma və şəhərsalma şöbəsində aparıcı memar kimi çalışan İsmayıl Hacıyevin dahi şəxsiyyətə həsr etdiyi fərdi yaradıcılıq sərgisində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr, gənc memarın ailə üzvləri iştirak edib.
Gülçöhrə Məmmədova müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan sərgini yüksək qiymətləndirib. İstedadlı gənc rəssam, memar kimi İsmayıl Hacıyevin AzMİU-da bir neçə dəfə sərgilərinin nümayiş olunduğunu, bugünkü sərginin isə ulu öndərə olan ehtiramın xüsusi göstəricisi olduğunu qeyd edib.
Sərgidə çıxış edən rektorun müşaviri İlham Mərdanov, Ekologiya kafedrasının müdiri Fəqan Əliyev ulu öndərin müstəqilliyimizin ilk illəri hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən danışıblar. Azərbaycan mədəniyyətinin, incəsənətinin bilicisi və vurğunu olan ümummilli liderin xatirəsinin AzMİU-da həmişə dərin ehtiramla yad edildiyini xüsusi vurğulayıblar.
Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib, iştirtakçılar İ.Hacıyevin rəsmləri ilə tanış olublar. Sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmləri, eləcə də ölkə prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın portretləri və digər rəsm əsərləri rəsmləri nümayiş olunub.