AzMİU-da “Müasir şəhərsalmada novatorluq və ənənələr” mövzusunda elmi-praktik konfrans [06.05.2022]


     Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının təşkilatçılığı ilə  “Müasir şəhərsalmada novatorluq və ənənələr” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda AzMİU-nun professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən,  Fövqəladə Hallar Nazirliyindən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən, Azərbaycan Milli Elmlər Akademiyasından dəvət olunmuş qonaqlar iştirak edirdilər. 
     Konfransı giriş sözü ilə Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə açaraq tədbir iştirakçıları salamladı.    
     Sonra söz AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımova verildi. O, universitetin rəhbərliyi adındam tədbir iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. O, bu konfransın aktual mövzuya həsr olunduğunu da xüsusi vurğuladı.  
     Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini, memarlıq üzrə fəlsəfə doktoru, Əməkdar memar İlqar İsbatov, Fövqəladə Hallar Nazirliyi Tikintidə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov müasir şəhərsalmada novatorluq və ənənələrdən danışdılar.
Sonra çıxışlara başlanıldı. AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının professoru Şəhla Qəhrəmanova “Azərbaycanın Xəzər dənizi sahili zonasında şəhər və qəsəbələrin inkişafının şəhərsalma ekoloji prinsipləri”, Fövqəladə Hallar Nazirliyi “Azərdövlətlayihə” İnstitutunun şəhərsalma şöbəsinin rəisi Rafiq Mirzəyev “Azərbaycan Respublikasının vahid məskunlaşma sisteminin təkmilləşdirilməsi istiqamətində şəhərlərin inkişaf xüsusiyyətləri”, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının assistenti Şeyda Novruzzadə “Müasir siyasi iqtisadi şəraitdə məskunlaşmanın mahiyyəti”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin tikintinin planlaşdırılması şöbəsinin müdir müavini Əlibəy Əliyev isə “Şəhərsalma layihələrinin baş planında optik rabitə şəbəkələrinin qurulması, müasir telekommunkasiya xidmətlərinin təşkili” mövzularında çıxış etdilər. 
     Plenar iclasdan sonra konfrans öz işini 2 bölmədə davam etdirdi.  Bölmələrdə 15-ə yaxın məruzə dinlənildi. 

10-05-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]