AzMİU-da “Bir” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib [05.05.2022]


     
           Bu gün Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  təqdimatı keçirilib. Tədbirdə 200-dən çox tələbə iştirak edib. 
          Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev “Bir” Tələbə-Könüllü Proqramının tələbələr üçün əhəmiyyətindən və gənclərə yaratdığı imkanlardan danışıb. Ölkəmizdə könüllülük fəlsəfəsi, proqramın fəaliyyəti, əsas istiqamətləri və proqramın fəaliyyətlərində iştirak imkanları haqqında ətraflı məlumat verib. O qeyd edib ki, “Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət üzrə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır. 
           Təqdimat mərasimində iştirakçılara “Bir” Tələbə-Könüllü Proqramında iştirak edən tələbə gənclərin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Sonda tələbələrin sualları cavablandırılıb, tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.
           Xatırladaq ki, “BİR” Tələbə-Könüllü Proqramı Təhsil Nazirliyinin proqramı olaraq ölkədə növbəti illərdə həyata keçiriləcək bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.

06-05-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]