AzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilib [05.05.2022]

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qəbul komissiyasının və “Kainat” tədris mərkəzinin təşkilatçılığı ilə “Açıq qapı” günü keçirilib. Əsasən, texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə keçirilən görüşdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Tədris Mərkəzinin direktoru İlqar Ağakişiyev, fakültə dekanları, kafedra müdirləri, müəllimlər və valideynlər iştirak ediblər. 
         Tədbiri giriş nitqi ilə Qəbul komissiyasının əməkdaşı Rəna Cəbrayılova açaraq iştirakçıları salamlayıb, görüşün keçirilməsinin məqsədini diqqətə çatdırıb, universiteti təmsil edən müəllimləri abituriyentlərə tanıdıb. Ətraflı təqdimatdan sonra AzMİU-nun tanıtımına həsr olunmuş film nümayiş olunub. 
         Növbəti məqamda Universitetin prorektoru Orxan Naqdiyev universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələri, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib yeniliklərlə bağlı ətraflı məlumat verib. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili, tələbə təşkilatları ilə işin təşkili barədə təqdimat da şagirdlərin marağına səbəb olub. 
         “Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev AzMİU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, işbirliyinin səmərəli davam etməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirib. İ.Ağakişiyev AzMİU-nun məzunları arasında vaxtilə Kainat Tədris mərkəzində hazırlaşan gənclərin olduğunu deyib, hazırda da tələbələr arasında onların sayının az olmadığını vurğulayıb.
          Görüşdə iştirak edən həmin məzunlardan bir neçəsi çıxış edib, ixtisas seçimi vaxtı AzMİU-nun bu günün tələbinə cavab verən, əmək bazarına uyğun  olan aktual fakültələrinə üstünlük verməyi abituriyentlərə tövsiyə ediblər. Abituriyentlərdən də bəziləri məhz bu universitetdə oxumaq arzularının olduğunu qeyd edibər. 
         Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.

05-05-2022