AzMİU-nun Elmi Şurasında mühüm qərarlar qəbul olunub [29.04.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə universitetin rektoru, professor Gülçöhrə Məmmədova açaraq uzun illər universitetdə çalışan, onun ictimai-siyasi həyatında fəallıq göstərən, bu günlərdə dünyasını dəyişən dosentlər Musa Kələntərov və Tahir Eyniyevin xatirələrinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edib. Hər iki alimin xatirəsi ehtiramla anılıb, rektor onların barəsində xoş sözlər söyləyib. 
     Yaxın günlərdə AzMİU-da bir sıra yeniliklərin tətbiq olunduğunu vurğulayan rektor təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin gücləndirilməsinə, insan resurslarının inkişafına, müəllimlərin iş şəraitinin daha da yaxşılaşmasına xidmət edən yeni təyinatlarla Şura üzvlərini tanış edib. Məlum olub ki, Orxan Naqdıyev təhsil nazirinin əmri ilə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, əvvəllər AzMİU-da çalışan, son illərdə isə  Türkiyənin On dokuz Mayıs Universitetində bölüm başqanı, laboratoriya müdiri kimi işləyən professor Azər Qasımzadə rektorun müşaviri təyin olunub, Reyhan Əkbərova Tələbə Elmi Cəmiyyətinə, Tacir İsmayılzadə isə Tələbə Gənclər Təşkilatına sədr seçilib. 
     Rektor şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra müzakirələrə başlanılıb. Tədris işləri üzrə prorektor Akif Qasımov “Universitetdə təhsilin əsas istiqamətləri üzrə rəqəmsallaşdırmanın vəziyyəti” mövzusunda hesabatını Şura üzvlərinin diqqətinə çatdırıb. Prorektorun hesabatı ətrafında Şura üzvləri, tədrislə bağlı müvafiq struktur rəhbərləri fikirlər səsləndirib. Magistratura Mərkəzinin direktoru Rövşən Səmədovun “Magistratura səviyyəsində  mütəxəssis hazırlığının strukturunun və məzmununun müasirləşməsi istiqamətləri” adlı hesabatı da maraqla qarşılanıb. 
     Son illər dizayn ixtisasına olan marağın artdığını, əmək bazarında dizaynerlərə tələbatın yüksəldiyini vurğulayan rektor universitetin Dizayn kafedrasının bölünməsi ilə bağlı təklifi müzakirəyə çıxarıb. Kafedranın bazasında Mühit dizaynı, Qrafik dizayn və media texnologiyaları adlı kafedralarının yaradılması ilə bağlı təklif ətrafında fikir mübadiləsi aparılıb.
     Ətraflı müzakərələrdən sonra hər 3məsələ barəsində təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
 

05-05-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]