Beynəlxalq Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş tədbirdə ən fəal oxucu-tələbələr mükafatlandırılıb [28.04.2022]
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxanasının təşkilatçılığı ilə 23 aprel Ümumdünya kitab və müəlliflik hüququ günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva, Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva, Magistratura mərkəzinin direktoru Rövşən Səmədov və tələbələr iştirak ediblər.
Elektron kitabxana şöbəsinin müdiri Aytən Rəhmanova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, bütün kitabsevərləri təbrik edib. A.Rəhmanova kitabların insan həyatında oynadığı böyük rolundan danışıb, AzMİU-nun fəal tələbələrinin mütaliəyə, kitaba olan böyük marağını yüksək qiymətləndirib.
Tədbirdə tələbələrin ifasında Azərbaycann və ingilis dillərində şeirlər səsləndirilib, ilk kitab çapının tarixinə, onun inkişaf mərhələlərinə, kitablarlarla bağlı maraqlı faktlarla zəngin slayd nümayiş edilib.
Tələbələr üçün Ümumdünya kitab və müəlliflik hüququ gününün xüsusi qeyd olunmasını alqışlayan rektor Gülçöhrə Məmmədova vurğulayıb ki, belə maarifləndirici tədbirlərin keçirilməsi gənclərin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsinə xidmət edir. Rektor tələbələr arasənda kitab oxuyanların sayının çox olmasını müsbət dəyərləndirib, gənclərə daim mütaliə etməyi, boş vaxtlarını səmərəli keçirməyi tövsiyə edib.
Çıxışlardan sonra rektor və prorektor Universitetin bütün fakültələri və kurslarından olan 45 nəfər ən fəal oxucu-tələbələri diplomlar və kiçik hədiyyələrlə təltif edib.