İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq  Agentliyi (SİDA) tərəfindən maliyyələşdirilən layihə AzMİU-da uğurla yerinə yetirilib [27.04.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) KNAUF Marketing Baku MMC və Gürcüstanın Enerji Səmərəliliyi Mərkəzi ilə birgə “Binaların xarici konstruksiyalarının istilik izolyasiyası” layihəsini yerinə yetirib. İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (SİDA) tərəfindən maliyyələşdirilən layihə RECONOMY proqramı çərçivəsində həyata keçirilib.
     Layihə çərçivəsində AzMİU-nun nəzdində İnşaat kollecinin 45 nəfər tələbəsi üçün universitetdə - KNAUF Marketing Baku MMC-nin təlim-tədris mərkəzində və emalatxanasında “Binaların xarici konstruksiyalarının istilik izolyasiyası” mövzusunda nəzəri və praktik təlim kursları keçirilib. Nəzəri təlimləri AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, müəlimlərdən Gülnar Feyziyeva, Samirə Əkbərova, Müşfiq Mansurov və Sədaqət Əlizadə, praktik təlimləri isə “KNAUF Marketing Baku” MMC-nin mütəxəssisləri Aydın Hacıyev və Bəybala Abbasov aparıb. 
     Sonra tələbələr KNAUF Marketing Baku MMC-nin EuroHome ticarət mərkəzində yerləşən tədris-təlim auditoriyasında mərkəzin mütəxəssislərinin mühazirələrini dinləyib və binaların istilik izolyasiyası sahəsində yerinə yetirilən işlərlə tanış olublar. 
     Aprelin 25-də isə İnşaat kollecinin 45 tələbəsinə və nəzəri təlimləri aparan müəllimlərə sertifikatlar verilib. Sertifikatları tələbələrə AzMİU rektorunun  müşaviri İlham Mərdanov, İnşaat kollecinin direktoru Namiq Ağamalıyev, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri N.Məmmədov və kollecin müəllimləri təqdim edib. 

27-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]