AzMİU tələbəsinin “Ulu öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb [22.04.2022]
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Tikinti-iqtisad fakültəsinin 2-ci kurs tələbəsi Ramazan Məmmədlinin Azərbaycanın görkəmli siyasi xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb. Sərgidə Ramazanın təsviri sənətin növlərindən olan boyakarlığın bir sıra formalarında, portret, mənzərə, natürmort janrlarında çəkdiyi rəsmləri nümayiş olunub. Sərginin açılış tədbirində universitetin prorektorları, fakültə dekanları, müəllimlər, tələbənin ailə üzvləri və tələbələr iştirak ediblər.
Fakültənin dekanı Rahad Qəribov qonaqlara Ramazan haqqında məlumat verib, onu fakültənin seçilən tələbələrindən biri kimi dəyərləndirib, fərdi sərgisinin açılması münasibəti ilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, Qax rayonunda doğulan bu gəncin orta məktəb illərindən rəssamlığa böyük həvəsi olub, rəsm çəkməyi sevib, dəfələrlə sərgilərdə iştirak edib, diplom və fəxri fərmanlarla təltif olunub. Rəssamlıq təhsili olmasa da, özü həvəskar kimi bu sənəti öyrənib, 2 dəfə Universitetdə keçirilən rəsm müsabiqəsində 1 və 2-ci yerlərə layiq görülüb.
Tədbirdə çıxış edən digər qonaqlar da gənc rəssama gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdıyev müəllimlərlə birgə sərginin açılış lentini kəsiblər, qonaqlar sərgiyə baxıblar. AzMİU-nun Tarix muzeyinin direktoru Gülmira Məmmədova qonaqları sərgi ilə tanış edib.
Sərgi salonunda Ramazanın yağlı,sulu və quaş boya, karandaş, ağ kömür, qara qələm və soft pastellə çəkdiyi rəsmləri nümayiş olunub. Nümayiş olunan rəsmlər arasında onun əsasən, yağlı boya ilə çəkilmiş portret, mənzərə, natürmot təsvirli əl işləri diqqət çəkib. Sərgidə ümummilli lider Heydər Əliyevin, Atatürkün, Vətən müharibəsi şəhidlərinin və başqa tanınmış simaların karandaş və qələmlə çəkilmiş təsvirləri xüsusilə diqqət cəlb edib, ziyarətçilər tərəfindən böyük marağa səbəb olub.
Onu da qeyd edək ki, sərgidə 45 rəsm əsəri nümayiş olunub.